Qazaxda məktəb direktorları ilə onlayn videokonfrans keçirilib
Bu gün Qazax Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə 2020-2021-ci tədris ilinin başlanması münasibətilə onlayn videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul işçilərinin, Rayon Təhsil Şöbəsinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə keçirilən videokonfransda 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarından irəli gələn məsələlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Videokonfransı giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bütün təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb. Rayon rəhbəri Ruslan Rzayevi İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin, Leyla Vəliyevanı Azad Mikayılov adına Xanlıqlar kənd ümumi orta məktəbin direktoru təyin olunmaları, Alpout kənd tam orta məktəbin direktoru olmuş İsmayıl Abdullayevi təqaüdə çıxması münasibətilə səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini qeyd edən icra başçısı cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ulu Öndərin təhsil siyasətinin uğurla davam etdirildiyini söyləyib. Rayon rəhbəri dövlət başçısı tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlərin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fondun reallaşdırdığı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin Qazaxda da uğurla icra olunduğunu bildirib. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını bunun əyani sübutu kimi göstərib. İcra başçısı qeyd edib ki, təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısıdır. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.
2018-2019-cu tədris ilinin göstəricilərindən söz açan icra başçısı həmin tədris ilində ali təhsil müəssisələrinə daxil olan gənclərdən 15 nəfərin 600 baldan, 33 nəfərin 500 baldan yüksək nəticə göstərdiyini bildirib. 2019-2020-ci tədris ilinin pandemiya dövrünə düşməsinə baxmayaraq bu tədris ilində də nəticələrin qənaətbəxş olduğunu vurğulayıb. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 11 nəfərin 600 baldan, 41 nəfərin isə 500 baldan yüksək nəticə göstərdiklərini vurğulayıb. Göstəriciləri yüksək olan şəhər məktəblərdən Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbi, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyi, kənd məktəblərindən Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbi, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbi, Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbi, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli, Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbləri, eləcə də yüksək göstəriciləri olan digər məktəbləri nümunə göstərən rayon rəhbəri məktəblərin müəllim kollektivlərini təbrik edib, bu cür göstəricilərin davamlı olmasını arzulayıb.
Dövlət başçısının rəhbərliyi altında koronavirus pandemiyasının təsirlərinin minimuma endirilməsi istiqamətində ölkədə görülən işlərin əhəmiyyətindən danışan rayon rəhbəri məhz bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində uğurlu nəticələrin əldə edildiyini qeyd edib. Statistik rəqəmləri diqqətə çatdıran icra başçısı bu günə kimi test nümunəsi götürülmüş 1041184 nəfərdən 38894 nəfərində virusa yoluxma faktının qeydə alındığını, ölüm sayının isə 572 nəfər təşkil etdiyini bildirib. Göstəriciləri qonşu dövlətlərin statistikası ilə müqayisə edən icra başçısı bu gün Azərbaycanın ən az itki verən ölkələr sırasında olduğunu qeyd edib. Bu uğurlu nəticənin kökündə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara olan diqqət və qayğılarının, pandemiya ilə mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin dayandığını vurğulayıb. Ən əsası da Azərbaycanda bu sahədə görülmüş işlərin Ümumdünya Səhiyyə Təşkilatı və digər qonşu dövlətlər tərəfindən də yüksək qiymətləndirildiyini, hətta, nümunə götürüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində bütün təhsil ictimaiyyətinin var gücü ilə çalışacağına əminliyini bildirib. 2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin, təhsil müəssisələrinə buraxılış rejiminin sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunmasının, pandemiya ilə əlaqədar şagirdlərin dərsə başlamalarının növbəli şəkildə tənzimlənməsinin, şagirdlərin siniflərdə yerləşdirilməsinin tənzimlənməsinin, məktəbə daxil olan hər bir müəllimin və şagirdin temperaturunun ölçülməsinin, dezinfeksiyaedici məhlullardan, tibbi maskadan istifadənin vacibliyini bir daha vurğulayıb. Həmçinin, şagirdlərin temperaturlarını ölçmək üçün şəxslərin ayrılması, nəzarətə götürülməsi və ehtiyat maskaların təşkili, pandemiya qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin hazırlanması və vurulması, məktəblərin su və istilik sisteminin nəzarətdə saxlanması və s. məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Hər bir vətəndaşın, o cümlədən də təhsil işçilərinin məsuliyyətlərini dərk edərək pandemiya ilə mübarizədə səfərbər olmalarını, dövlətin bu sahədə gördüyü işlərə öz töhfələrini vermələrini bildirib. İcra başçısı ötən tədris ilində olduğu kimi, bu il də onlayn dərslərin davam etdirilməsini və bunun üçün də lazımi şəraitin yaradılmasını bir daha vurğulayıb.
Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbəriyinə bütün təhsil işçiləri adından minnətdarlığını çatdırıb. Bugünkü onlayn görüşü yüksək qiymətləndirən N.Babanlı təhsil sahəsinə olan növbəti qayğı kimi qeyd edib. Bu il məktəbi bitirən onbirincilərdən 734 nəfərin buraxılış imtahanlarında iştirak etdiyini bildirib. Qəbul imtahanlarında iştirak edən 460 nəfər məzundan 371 nəfərin keçid balını topladığını söyləyib. N.Babanlı 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Qərarı, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edildiyini diqqətə çatdırıb. COVID-19 pandemiyası ilə əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssaslıqla yanaşıldığını, məktəblərdə davranış qaydalarına ciddi riayət edildiyini bildirib. Pandemiya dövründə müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, kütləvi tədbirlərin keçirilməməsi, sosial məsafənin gözlənilməsi, müəllimlərin maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadəsinə ciddi riayət olunmasının vacibliyini qeyd edib. Bütün məktəblərin tibbi maska, üz sipəri, spirt, dezinfeksiyaedici və qoruyucu vasitələrlə tam təmin edildiyini vurğulayıb.
Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova çıxış edərək həmkarlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Məktəbin sökülərək yenidən tikilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan Sərəncama görə məktəbin müəllim-şagird kollektivi adından bir daha minnətdarlığını çatdırıb. Məktəbdə xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə əməl edildiyini qeyd edib.
Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova çıxış edərək yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırıb. Rəhbərlik etdiyi məktəbin göstəricilərindən danışaraq məzunların onlara göstərilən dövlət qayğısını doğrultduqlarını diqqətə çatdırıb. Rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən xüsusi qayğıdan söz açan məktəb direktoru həmin qayğını hər zaman hiss etdiklərini bildirib. Dövlət başçısının rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülmüş işləri minnətdarlıq hissi ilə qarşılayan məktəb direktoru həmin tədbirlərin kökündə vətəndaşların sağlamlığının dayandığını, ölkəmizdə vətəndaş amilinə hər zaman üstünlük verildiyini vurğulayıb.
Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, həmkarlarına yeni tədris ilində uğurlar arzulayıb. Rəhbərlik etdiyi məktəbin göstəricilərinin yaxşı olduğunu, əldə olunan uğurun gələcəkdə də davam etdiriləcəyini bildirib. Digər məktəblərdə olduğu kimi, Bala Çaylı kənd tam orta məktəbində də xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması istiqamətində var qüvvələri ilə çalışdıqlarını, dövlətin bu sahədə gördüyü işlərə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib.
Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov da Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qayğısı, diqqəti sayəsində Sarıvəlli məktəbi üçün 220 şagird yerlik yeni binanın tikilməsini müəllim və şagirdlərin, eləcə də valideynlərin bu gün də minnətdarlıq hissi ilə qarşıladıqlarını bildirib. Onlara göstərilən yüksək dövlət qayğısına görə sonsuz təşəkkürlərini çatdırıb. Məktəb direktoru şagirdlərin onlara göstərilən qayğını öz nəticələri ilə doğrultduqlarını, 1 nəfər şagirdin 600-dən, 2 nəfər şagirdin 500-dən, 1 nəfər şagirdin 400-dən yuxarı bal topladıqlarını qeyd edib.
Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin direktoru Abbas Carçıyev də bu il məktəbin göstəricilərinin yaxşı olduğunu, məzunlardan 1 nəfərin 600, 3 nəfərin 500, 6 nəfərin 400-dən yuxarı nəticə göstərdiklərini bildirib. Pandemiya ilə mübarizə tədbirlərində hər kəsi öz məsuliyyətini dərk edərək görülmüş işlərə dəstək olmağa çağırıb.
Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin direktoru Rauf Kazımov yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edib. Pandemiya ilə mübarizə sahəsində dövlətin qoyduğu qaydalara əməl etmək üçün bütün kollektivin var qüvvəsi ilə çalışdıqlarını bildirib. 600-dən yuxarı bal toplayan məzunların arasında İkinci Şıxlı məktəbindən də məzunun olduğunu söyləyib. 1 nəfərin 500-dən, 2 nəfərin 400-dən yuxarı nəticə göstərdiklərini qeyd edərək gələcəkdə bu nəticənin daha da yaxşı olması üçün böyük səylə çalışacaqlarını bildirib.
Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin direktor müavini Rəna Qocayeva videokonfrans iştirakçılarını salamlayaraq hər kəsə yeni dərs ilində uğurlar arzulayıb. Bütün məktəblərdə olduğu kimi, 1 nömrəli məktəbdə də pandemiya ilə mübarizə tədbirlərinə ciddi şəkildə əməl olunduğunu, müəllimlərin öz məsuliyyətlərini dərk edərək bu məsələyə həssaslıqla yanaşdıqlarını, karantin rejiminin qaydalarına birmənalı şəkildə əməl etdiklərini bildirib.
Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü də öz növbəsində həmkarlarını yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Ölkəmizdə yaşanan çətin bir vaxtda, koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda dövlətin, dövlət başçısının təhsilə olan qayğısını, dəstəyini bir ziyalı olaraq yüksək qiymətləndirib və bütün bunlara görə təhsil işçiləri adından minnətdarlığını bildirib. Bilik Günündə ölkə başçısının və Birinci vitse-prezidentin təhsil işçilərini təbrik etmələrini, müəllimlərin ünvanına xoş sözlər söyləmələrini onlara olan növbəti qayğı kimi dəyərləndirib. Məktəb direktoru qeyd edib ki, ölkə başçısının çıxışında “Təhsilə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir” söyləməsi bir daha onu sübut etdi ki, Azərbaycan müstəqil dövlət kimi təhsilin inkişafını hər zaman prioritet hesab edir. Təhsil işçiləri, ziyalılar olaraq ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov videokonfransa yekun vuraraq məktəb direktorlarını yeni tədris ilinin başlanması münasibətilə bir daha təbrik edib, növbəti belə görüşlərin onlayn şəkildə deyil, həmişə olduğu kimi, böyük zallarda keçirilməsini arzulayıb. Ölkə Prezidentinin rəhbərliyi altında həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində tez bir zamanda bu bəlanın yox olacağını, həyatın öz axarı ilə davam edəcəyini, o günün isə uzaqda olmadığını bildirib.