Qazax şəhər 3 və 6 saylı körpələr evi-uşaq bağçalarından - VİDEOREPORTAJ
Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə yaşanan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mart ayının 3-dən etibarən məktəbəqədər təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdı. Uşaqlar bir-birindən gözəl, rəngarəng oyuncaqlarla, al-əlvan çiçəklərlə dolu olan bağçalarından uzaq düşmüşdülər. Bu gün isə bağçalarda həyat öz axarı ilə davam edir. Əvvəlki tək bağça həyətlərindən uşaq səsləri, körpə gülüşləri eşidilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məktəbəqədər təhsil müəssisələri öz işini Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312 nömrəli Qərarına uyğun şəkildə mövcud vəziyyət nəzərə alınmaqla, sanitar-gigiyenik normalara əməl edilməklə qurub.
Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin bağçalarda dezinfeksiya işləri ilə yanaşı, geniş təmizlik, tibbi-profilaktik işlər aparılıb. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılıb. Bundan əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür. Həmçinin, bütün bağçalarda xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına, işçilərin tibbi maskadan istifadə etmələrinə, sosial məsafənin gözlənilməsinə Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən daim nəzarət olunur.
95 yerlik Qazax şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva qeyd edir ki: “Necə ki, balaca fidanlar bağçaları üçün həsrət çəkir, darıxırdılar, eləcə də biz bağça müdirləri, tərbiyəçi müəllimlər uşaqların yolunu, qayıdacağı günü səbirsizliklə gözləyirdik. Şükürlər olsun ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qayğısı sayəsində çətin günlər qismən də olsa arxada qaldı. Və budur biz yenə doğma uşaqlarımızla bir yerdəyik. Bunun belə davam etməsi üçün də xüsusi karantin rejiminin qaydalarına, verilən tapşırıq və tövsiyələrə birmənalı şəkildə əməl etməliyik. Çünki gələcəyimiz olan uşaqların sağlamlığını qorumaq biz müəllimlərin, tərbiyəçilərin, eləcə də hər birimizin borcudur”.
90 yerlik Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova da bağçaların açılmasını, öz fəaliyyətni bərpa etməsini, sevimli uşaqlarla bir yerdə olmalarını sevinc hissi ilə qarşıladıqlarını bildirir. Öz yoldaşları ilə onlayn şəkildə görüşən, mahnı, şeir payını onlayn şəkildə çatdıran balacaların əvvəlki tək bağçalarında mahnı oxuyub, şeir söylədiklərini qeyd edir. Ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin sayəsində Azərbaycanın bu bəladan da alnıaçıq, üzüağ şəkildə xilas olacağını söyləyir.
3 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Kəmalə Sanıyeva, valideynlərdən Maya Eminova, 6 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Gülnar Hüseynova, valideynlərdən Lilpar Aşırova da bağçaların açılmasını sevinc hissi ilə qarşıladıqlarını qeyd edirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərə və əldə edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını bildirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın, ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirirlər. (https://www.youtube.com/watch?v=KWj69_euuPU&feature=emb_title)