İcra başçısı yeni təyin olunmuş məktəb direktoruna fəaliyyətində uğurlar arzulayıb
Son illər Qazaxda bütün sahələrlə yanaşı, təhsil sahəsi də özünün inkişaf dövrünü yaşayır. Rayonda bu sahədə əldə edilən uğurlar, qazanılan nailiyyətlər ildən-ilə artmaqda davam edir. Bu uğurların kökündə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğıları, həmin sahədə çalışan insanlara olan səmimi münasibətləri, verdikləri dəyər dayanır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər. Rayon rəhbərinin təhsildə fərqlənən müəllim və şagirdləri qəbul etməsi, məktəblərdə onlar üçün yaradılan şəraitlə tanış olması, qayğıları ilə yaxından maraqlanması bunun bariz nümunəsidir.
Bu gün rayon rəhbərinin İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbə yeni direktor təyin olunmuş Rzayev Ruslan Rasim oğlunu qəbul etməsi, ona gələcək işlərində və fəaliyyətində uğurlar arzulaması təhsil sahəsinə və müəllimlərə olan qayğısının daha bir əyani sübutudur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini bir daha təbrik edib. Dövlət və dövlət başçısı tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında ulu öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Liderin bu sаhəyə daim diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini qeyd edib. Təhsil sahəsinin ildən-ilə inkişaf etməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən rayon rəhbəri Fondun həyata keçirdiyi çoxsaylı işlərdən söz açıb. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə olduğu kimi Qazaxda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, təkcə bu il Heydər Əliyev Fondu tərəfindən rayonda Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilməsi, yenə də Fond tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısıdır. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncam Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından bir daha ölkə başçısına və Birinci vitse-prezidentə təşəkkürünü çatdırıb.
Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından rayon rəhbərinə dərin minnətdarlığını bildirib.
Sonda yeni məktəb direktoruna bir daha səmimi arzularını çatdıran icra başçısı daim öz üzərində çalışmasını, təcrübəli məktəb direktorlarından bəhrələnməsini, nümunəvi məktəblərdən olan şəhər 3 nömrəli tam orta məktəbin uğurlarının bundan sonra da davam etməsi üçün var qüvvəsi ilə çalışmasını tövsiyə edib.
Yeni məktəb direktoru təyin olunmuş Ruslan Rzayev ona verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürünü çatdırıb. Qeyd edib ki, bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz müəllimlər, məktəb direktorları bu gün sizin sayənizdə həmin qayğının şahidi oluruq. "Yeni tədris ilində bu görüş mənim üçün ən böyük stimul oldu. Eyni zamanda da üzərimizə böyük məsuliyyət hissi qoydu”, - deyən məktəb direktoru ona olan etimadı öz fəaliyyəti ilə hər zaman doğrultmağa çalışacağını bildirib.
Məlumat üçün onu da qeyd edək ki, Ruslan Rzayev direktor təyin olunduğu İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbin məzunu olub, eyni zamanda məktəbdə tarix müəllimi işləyib.