Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Neftçilərin əməyi əsl qəhrəmanlıqdır”

22 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
“Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildikdən sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
Ölkə Prezidenti qeyd edib ki: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır”.
Onu qeyd edək ki, Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır. Müsahibə zamanı bu barədə fikirlərini bölüşən dövlətimizin başçısı bildirib ki: “Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir”.
Ölkə başçısı vurğulayıb ki: “İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalandı, “Total” şirkəti ilə SOCAR-ın əməkdaşlığı nəticəsində böyük qaz-kondensat yatağı aşkarlandı. Bu yataqda ilkin proqnoza görə 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Artan daxili tələbatı ödəmək məqsədilə “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Yataqda 100 milyon ton kondensatın olması neft hasilatını və ixracını sabit saxlamağa imkan verir”.
Müsahibə zamanı neft-qaz sektorunda ölkəmizdə həyata keçirilən layihələrin icra vəziyyəti haqqında fikirlərini bildirən ölkə rəhbəri qeyd edib ki: “Təqribən 7 milyard dollar dəyəri olan “Mərkəzi-Şərqi Azəri” adlanan yeni layihənin icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq. TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdəyik və bu, həm bizim üçün, həm də Türkiyə üçün çox önəmlidir. “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. “Əsrin kontraktı”nın imzalandığı 1994-cü ildən 26 il keçib və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır”.
Ölkə başçısı neftçi peşəsi haqqında fikirlərini bölüşərək bildirib ki: ““Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında, karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir”.
Neftçilərimizin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı bildirib ki: “Neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Ölkəmizin uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır. “Abşeron”, “Qarabağ” və digər layihələrin icrası bundan sonra da neft-qaz amilini öndə saxlayacaq. Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır. Neftçi Qurban dünyada bir nömrəli neftçi sayılmalıdır. Xoşbəxt Yusifzadə bizim əfsanəvi neftçi-geoloqdur. “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var”.
Müsahibə zamanı tarixi plan və müstəqilliyin rolu haqqında fikirlərini bölüşən ölkə Prezidenti vurğulayıb ki: “Müstəqillik dövrünə qədər çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Biz o vaxt müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Düzdür, o vaxt zəngin neft maqnatları, onlar əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev. Tağıyev, bildiyiniz kimi, Bakıya Şollar su kəmərini çəkdirmişdir, eyni zamanda, təhsilə böyük əhəmiyyət verirdi. Çünki görürdü ki, Azərbaycan gəncləri təhsildən kənarda qalırlar və beləliklə, gələcəkdə onların inkişafı və yüksək yerlərə çıxması problemli ola bilər. Ona görə hesab edirəm ki, Azərbaycanın neft maqnatları arasında onun xüsusi rolu vardır. Bizim ailəyə də onun köməyi dəymişdir. Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuşdu və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu. Onu da bildirməliyəm ki, İkinci Dünya müharibəsi zamanında o, Dağıstana birinci katib vəzifəsinə göndərilmişdir və müharibə illərində Dağıstana rəhbərlik etmişdir. O vaxt dağıstanlıları da digər Qafqaz xalqları kimi sürgün etmək üçün planlar var idi. Demək olar ki, bu qərar artıq sovet rəhbərliyi tərəfindən verilmişdi. Məhz Əziz Əliyevin fəaliyyəti, onun çox cəsarətli addımları nəticəsində dağıstanlılar bu bəladan xilas ola bildilər. Bu gün onun xatirəsi Dağıstanda yaşayır, onun şərəfinə abidə ucaldılıb”.
Ölkə Prezidenti qeyd edib ki: “İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi, müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqında yanacağın 80 faizi, sürtkü yağlarının 90 faizi Azərbaycan tərəfindən təmin edilirdi, Azərbaycanda hərbi texnika istehsal olunurdu. Bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft Daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft Daşları” ilə bağlı olacaq. Amma “Neft Daşları” hansı vəziyyətdə idi o vaxt. Mən xatırlayıram, “Neft Daşları”na Prezident kimi ilk dəfə 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Bunu biz əldə etdik. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı, rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi. Deməli, iqtisadi vəziyyət ağır idi”.
Ölkə başçısı müsahibəsində II dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində azərbaycanlıların və Azərbaycanın rolunun lazımınca qiymətləndirilmədiyini də bildirib.
Müstəqilliyin üstünlüklərindən danışan dövlətimizin başçısı bildirib ki: “Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Bu gün biz infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdəyik”.
Ölkə rəhbərinin də qeyd etdiyi kimi, neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. 
Cənab Prezident onu da qeyd edib ki: “Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Bizim digər sosial infrastruktur layihələrimiz - müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Biz kosmik dövlətə çevrildik, biz nəhəng neft-qaz layihələri icra edirik. Təkcə iqtisadiyyat və sənaye sahəsində yox, baxın, idman sahəsində, Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Sovet dövründə bunu təsəvvür etmək mümkün deyildi. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir. Müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır”.
Ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışan dövlət başçısı qeyd edib ki: “O vaxt Bakı, Abşeron yarımadası, Sumqayıt şəhəri ekoloji fəlakət zonaları kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət mövcud idi. İndi bir çox hadisələr yaddan çıxır. Ancaq bizim neftlə ən çox çirklənmiş ərazimiz Bibiheybət buxtası idi. İndi Bibiheybət buxtası gözəl parklar, istirahət zonalarına çevrilib. Bibiheybət qəsəbəsi indi faktiki olaraq yenidən qurulub. Digər ekoloji fəlakət zonası Balaxanı və onun neft mədənləri idi. İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə çevrilibdir və orada işlər artıq tamamlanmaq üzrədir. İndi Qara şəhəri yadımıza salaq. Artıq o anlayış yoxdur, onun yerində Ağ şəhər var. Bakının bütün qəsəbələri abadlaşdırılmalıdır, orada insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, insanları narahat edən bütün problemlər həll olunmalıdır və bu qəsəbələr estetik cəhətdən müasir səviyyəyə uyğun olmalıdır. Qəsəbələrdə bütün tarixi abidələr bərpa edilməlidir və biz bu qəsəbələrə yeni həyat verəcəyik”.
Dövlət başçısı vurğulayıb ki: “Sumqayıt bu gün ən təmiz şəhərlərdən biridir. İki ildən sonra Heydər Əliyev neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5” benzin istehsal olunacaq. “Azərneftyağ” neft emalı zavodu söküləcək. Bütün o rezervuarlar, qurğular söküləcək, ora böyük park olacaq”. 
Ölkə rəhbəri qeyd edib ki: “Ekologiyanın sağlamlaşdırılması üçün atılan addımlar xalqın, gələcək nəslin sağlamlığı üçündür. Ekoloji layihələr hələ davam edir. Abşeron yarımadasında neft gölməçələrinin təmizlənməsi işi gedir. Amma çar Rusiyası dövründə, sovet dövründə buna fikir verilirdimi? Xeyr. Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs insanların həyatı, onların yaşayışı, onların sağlamlığı? Ona görə bizim üçün bu, ön plandadır. Mən Prezident seçiləndən sonra demişdim, ilk bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə, ilk növbədə, insan amilini nəzərə almalıyıq. Çünki neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı şərait yaratmaq üçün vasitədir və bunu edirik. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət zonalarına çevirməliyik, bunu edirik və edəcəyik”.

Keçidlər