Qazaxda pandemiya ilə əlaqədar tədris ocaqlarına ciddi nəzarət edilir
Əvvəlki illərdən fərqli olaraq yeni dərs ili bir sıra çətinliklərlə başladı. Bütün dünyanı çənginə almış pandemiya digər sahələr kimi tədrisdə də bəzi problemlər yaratdı. Xüsusilə orta məktəblərdə təhsil alan şagirdləri bu dəhşətli bəladan qorumaq üçün bir sıra qaydaların tətbiqi zərurətə çevrildi. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın göstəriş və tövsiyələrinə əməl edilməsi istiqamətində söz yox ki, məktəb direktorlarının üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətin nə qədər ciddi olduğunu indi hər bir məktəb rəhbəri dərindən dərk etməli və bütün qüvvəsini bu qaydaların yerinə yetirilməsinə yönəltməlidir.
2020-2021-ci tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qərar qəbul etmişdir. Həmin qərarın icrası ilə əlaqədar Qazaxda məktəb direktorlarının iştirakı ilə onlayn qaydada videokonfrans keçirilmişdir.
Videokonfransı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq təhsil işçilərinə yeni tədris ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırmış, ölkəmizdə təhsilin inkişafına göstərilən qayğıdan danışmışdır. Bildirmişdir ki, dövlət başçısı tərəfindən ölkəmizdə təhsil sahəsinə göstərilən diqqət bu gün öz müsbət nəticələrini verməkdədir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi isə bütünlüklə respublikamızda yeni uğurlara yol açmışdır.
Qeyd edilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmiri və ya tikintisi nəzərdə tutulmuşdur. Bundan başqa, Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin əsaslı şəkildə yenidən qurularaq Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilməsi, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikilməsi uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən inşa edilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli sərəncam Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsinin əyani sübutudur. Bütün bu işlərə görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından dövlət başçısına və Birinci vitse-prezidentə minnətdarlıq ifadə olunur.
Videokonfransda məktəb direktorlarına tapşırılmışdır ki, 2020-2021-ci tədris ilinin başlaması ilə əlaqədar təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Təhsil müəssisələrinə buraxılış sanitar-epidemioloji tələblər nəzərə alınmaqla təşkil olunmalı, pandemiya ilə əlaqədar şagirdlərin dərsə başlamaları və siniflərdə yerləşdirilməsi növbəli şəkildə tənzimlənməlidir. Məktəbə daxil olan hər bir müəllimin və şagirdin hərarəti ölçülməli, dezinfeksiyaedici məhlullardan, tibbi maskadan istifadə etmələrinə nəzarət gücləndirilməlidir. Bundan başqa, şagirdlərin hərarətini ölçmək üçün xüsusi şəxslərin ayrılması, ehtiyat maskaların təşkili, pandemiya qaydalarına necə əməl edilməsi ilə əlaqədar məktəbdə və siniflərdə maarifləndirici lövhələrin hazırlanması və vurulması, məktəblərin su və istilik sisteminin nəzarətdə saxlanılması və sair məsələlər barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.
Videokonfransda Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Araz Əmirov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü və başqaları çıxış edərək yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini çatdırmış, pandemiya ilə mübarizəyə daha ciddi qoşulacaqlarını bildirmişlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov videokonfransa yekun vuraraq məktəb direktorlarını bu çətin və məsuliyyətli ərəfədə diqqətli olmağa çağırmış və respublika Prezidentinin rəhbərliyi altında həyata keçirilən təxirəsalınmaz tədbirlər sayəsində tez bir zamanda bu bəlanın yox olacağına, həyatın öz axarı ilə davam edəcəyinə əminlik ifadə etmişdir.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
25 sentyabr 2020-ci il