Prezident İlham Əliyev: “Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Bütün Azərbaycan xalqı sizinlə qürur duyur”
Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
Yaralı hərbçilərlə səmimi söhbət edən ölkə Prezidenti onlara Allahdan şəfa diləyib. Dövlətimizin başçısı bildirib ki: “Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar”.
Ölkə başçısı qeyd edib ki: “Bildiyiniz kimi, şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Deyə bilərəm ki, Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Bilirsiniz ki, mənim göstərişimlə bütün şəhid ailələri dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilir. Təkcə bu il 1500 şəhid ailəsi dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Yaxın 2-3 il ərzində birinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır. Biz bu gün də şəhidlər veririk, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ailələrinə, yaxınlarına səbir versin. Onların qanı yerdə qalmır və qalmayacaqdır. Düşmənə layiqli cavab verilir. Eyni zamanda, Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər”.
Dövlət başçısı çıxışı zamanı onu da qeyd edib ki: “Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik. Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Dövlətimizin başçısı bildirib ki: “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var. Mənə artıq bu son 3-4 gündə hər gün çoxlu məktublar gəlir, həm ölkə vətəndaşlarından, həm də digər ölkələrin vətəndaşlarından. Xaricdən ən çox məktublar qardaş Türkiyədən gəlir. Türk qardaşlarımız o məktublarda bizimlə bərabər bu haqlı davada vuruşmaq barədə öz istəklərini ifadə edirlər. Mən onlara təşəkkür edirəm. Amma bir daha demək istəyirəm ki, buna ehtiyac yoxdur. Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur. Biz bu işi elə həll etməliyik ki, tarixi ədalət bərpa olunsun. Eyni zamanda, qardaş Türkiyəyə, onun Prezidentinə, mənim qardaşım Rəcəb Tayyib Ərdoğana qətiyyətli mövqeyinə, qardaşlıq mövqeyinə görə bu gün sizin yanınızda sizin adınızdan, bütün Azərbaycan xalqı adından dərin təşəkkürümü bildirirəm. Çünki əziz qardaşımın çox açıq açıqlamaları və sərt bəyanatları bir daha göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır. Sən kimin tərəfindəsən? Haqqın, yoxsa, şərin? Dostun, yoxsa, düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün, hamımız üçün”.
Ölkə Prezidenti vurğulayıb ki: “Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Biz mülki əhaliyə qarşı heç vaxt vuruşmamışıq. Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar, 13 dinc insan həlak olub, 40-dan çox mülki şəxs yaralanıb, 168 ev dağıdılıb. Budur erməni faşizminin sifəti. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun”.
Ölkə başçısı bildirib ki: “Mən sizi təbrik etmək istəyirəm. Çünki siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib, sizin və bu gün bütün digər yaralı hərbçilərimizin, eyni zamanda, şəhid olmuş hərbçilərimizin valideynləri qarşısında baş əyirəm. Onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhrəman övladlar yetişdiriblər. Əminəm ki, onlar və bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Qayğı və mərhəmət. Bu iki hiss Azərbaycan xalqında tarixən olub və olacaq. Bizlər xoşbəxt xalqıq ki, bu cür mənəvi keyfiyyətləri özündə əks etdirən hisslərə sahibik. Necə ki, sentyabrın 30-da Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bir daha şahidi olduq. Yaralanan əsgərlər ilə görüş zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümü oldu. Hər kəs bir daha şahidi oldu ki, səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir.
Bu gün tam əminliklə deyə bilərik ki, peşəkar ordumuz var və haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu gün yaralanan əsgərin yarası hər bir azərbaycanlının yarasıdır. Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır. Dövlət öz əsgərinin yanındadır. Azərbaycan əsgəri xilaskar əsgərdir. Həmin əsgərlərimizin yüksək döyüş ruhu və əzmkarlığı sonda bizə qələbə qazandıracaqdır.