Qazaxda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan prospekt və küçələrdə abadlıq işləri davam etdirilir
Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramları uğurla icra olunmaqdadır. Həmin dövlət proqramlarında nəzərdə tutulmuş işlər sayəsində bu gün təkcə paytaxt Bakı deyil, respublikamızın bütün bölgələri ildən-ilə, gündən-günə abadlaşır, yeni görkəm alır. Ölkə Prezidentinin rəhbərliyi altında genişmiqyaslı abadlıq və quruculuq işləri aparılan rayonlardan biri də Qazax rayonudur. Böyük bir tikinti meydançasını xatırladan Qazaxda yeni asfalt yollar çəkilir, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binaları təmir olunur, çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə yenidən qurulur.
Hazırda ölkə başçısının qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır və digər abadlıq işləri aparılır.
Şəhərin Heydər Əliyev prospektində və küçələrində su-kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə həyata keçirilən abadlıq işləri sürətlə davam etdirilir.
Məlumat üçün qeyd edək ki, bu günə kimi şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Həmçinin, şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşdırılır ki, işlər bitən kimi burada da yeni asfalt vurulacaq.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi, Qazaxda da genişmiqyaslı quruculuq işlərinin aparılmasını razılıq hissi ilə qarşılayan rayon sakinləri görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.
Abadlıq işləri aparılan Heydər Əliyev prospekti
Abadlıq işləri aparılan və yeni asfalt vurulan Bakı küçəsi
Abadlıq işləri aparılan və yeni asfalt vurulan Zeynalabdin Tağıyev küçəsi