Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər sürətlə davam etdirilir
Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı Qazaxda da yüksək səviyyədə hiss olunur. Bunu son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şəraitdən aydın şəkildə görmək olur. Rayonda nəinki yeni məktəb binaları tikilir, eyni zamanda körpələr evi-uşaq bağçaları da ya inşa olunur, ya da əsaslı şəkildə yenidən qurulur. Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində gördüyü işlər dediklərimizin əyani sübutudur.
Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. Xəbər verdiyimiz kimi, 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir və yenidənqurma işləri aparılır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub, suvaqaltı elektrik xətti çəkilib. Xarici və daxili fasadda suvaq işi başa çatıb. Tavana alçipan vurulub, döşəməyə beton tökülüb. Sanitar qovşaqların qapıları qoyulub. Hazırda daxili fasada astar-üzlük vurulur.
Uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.