Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndi Fərəhlidə yeni asfalt örtüyünün vurulmasına başlanılıb – FOTOLAR

13 oktyabr 2020 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Bunu ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamlardan da aydın şəkildə görmək olur. Bu sahənin daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində yeni asfalt çəkilmiş yolların sayı ildən-ilə artır.
Bu gün tam əminliklə deyə bilərik ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla yerinə yetirilir. Ölkə Prezidentinin qayğısı sayəsində son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin bariz nümunəsidir.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, rayonda uzun illər istifadə olunduğundan yararsız vəziyyətə düşən Fərəhli avtomobil yolunun da əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac vardı. Kənd sakinlərinin müraciəti əsasında Qazax Rayon İcra Hakimiyyəti tərəfindən dəfələrlə qum-çınqıl tökülərək cari təmir edilən Fərəhli yoluna bu gün yeni asfalt örtüyü vurulur. Ölkə Prezidentinin 10 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən düşmənlə sərhəddə yerləşən Fərəhli kəndinə yeni asfalt yolun çəkilməsi bir daha onu göstərir ki, bu sahədə görülən işlər bundan sonra da uğurla davam etdiriləcək. Ən əsası da Fərəhli kəndinə yeni yolun çəkilməsi dövlətin və dövlət başçısının sərhəddə yaşayan vətəndaşlara olan növbəti qayğısıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərəhli kəndində olub, yeni asfalt örtüyü çəkilən yolda görülən işlərlə maraqlanıb.
"28 nömrəli Yol İstismarı" MMC-nin direktoru Kərəm Məmmədrzayev görülmüş işlər barədə məlumat verərək bildirib ki, yol yatağı 9-12 metr enində genişləndirilib və əsasın qurulması işləri başa çatıb. Artıq yeni asfalt örtüyünün vurulmasına başlanılıb.
Rayon rəhbəri ilə səmimi söhbət edən sakinlər kənd yolunun əsaslı təmir olunması xəbərini bu gün də razılıq hissi ilə qarşıladıqlarını bildiriblər. Ölkə başçısına kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı imzaladığı sərəncama görə bir daha təşəkkürlərini çatdırıblar. Kəndə yeni asfalt yolun çəkilməsi ilə bağlı qaldırdıqları məsələnin müsbət həllini tapmasında, aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmasında əziyyəti keçən Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidova və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu gün düşmənlə üz-üzə dayanan fərəhlilərin hər zaman ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və dəstəklədiklərini dilə gətiriblər.

Keçidlər