Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin və bir qrup sakinin iştirakı ilə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub
Respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında dövlətimiz tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq, yoluxma hallarının minimuma endirilməsi məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, ölkəmiz koronavirusla mübarizənin birinci dalğasında uğurlu nəticələrə nail oldu. Lakin son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artımın müşahidə edilməsi, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamikanın dəyişməsi, sanitar-epidemioloji durumun pisləşməsi halları müşahidə olunmaqdadır. Bu günün statistikasına əsasən koronavirus infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb. Burdan o qənaətə gəlmək olur ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlu nəticələr cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Bu, həyəcan təbilidir, ciddi təhlükədir. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılır. Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Qazax RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, eləcə də bir qrup şəhər və kənd sakininin iştirakı ilə ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Açıq havada təşkil olunmuş tədbirdə vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə dəstəyinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin və Füzuli şəhərinin erməni işğalçılarından azad edilməsi münasibətilə başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını, eləcə də tədbir iştirakçılarını təbrik edib. İcra başçısı ölkə Prezidentinin bugünkü şad xəbərini 18 oktyabr – Müstəqillik Günü ərəfəsində Azərbaycan xalqına, xüsusilə də füzulilərə verilən ən böyük hədiyyə kimi qiymətləndirib. Səmimi təbriklərini çatdıran rayon rəhbəri bizi qarşıda daha böyük qələbələrin gözlədiyini vurğulayıb. Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən də danışıb. İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
İcra başçısı bu gün hər bir ölkə vətəndaşının koronavirusla mübarizədə fəal olmaqla, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə COVID-19-la mübarizədə bundan sonra da uğurlu nəticələrin əldə edilə biləcəyini vurğulayıb. Xüsusilə də bunun cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacib olduğunu qeyd edib. Belə bir vəziyyətdə bu gün cəmiyyət olaraq qarşımızda duran əsas vəzifənin xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə riayət etmək, maska taxmaq, sosial məsafəni və şəxsi gigiyenanı gözləmək olduğunu bir daha diqqətə çatdırıb.
Yas mərasimləri zamanı həyətlərdə qurulan mərasim çadırlarında, xüsusilə də qəbiristanlıqlarda kütləvi şəkildə toplaşmağın istər insanların sağlamlığı, istərsə də təhlükəsizliyi baxımından birmənalı şəkildə yolverilməz olduğunu qeyd edib. Son günlər Tərtərdə baş vermiş hadisənin hər zaman baş verə biləcəyini bir daha vurğulayıb. Odur ki, bu cür tədbirlərin mümkün olduğu qədər keçirilməməsini tövsiyə edib. Koronavirusla mübarizədə hər kəsin üzərinə düşən məsuliyyəti dərk etməli və dövlətə dəstək olmalı olduğunu bildirib.
Qazax Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev çıxış edərək bu gün ölkəmizdə yaşanan həssas bir vəziyyətə vətəndaşların daha məsuliyyətli olmalarını bildirib. İstər koronavirusla mübarizə, istərsə də təhlükəsizliyin təmin olunması sahəsində hər bir vətəndaşın öz məsuliyyətlərini dərk edərək diqqətli olmalarını tövsiyə edib. Hər iki mübarizədə dövlətin həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə ciddi şəkildə əməl etmələrini qeyd edib. Ölkəmizdəki indiki vəziyyətdə, xüsusilə də hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi bir vaxtda hər kəsi daha ayıq-sayıq olmağa çağırıb.
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev bugünkü şad xəbər münasibətilə təbriklərini çatdırıb. Qarabağ müharibəsi əlillərinin, veteranlarının, bütün Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin, ordumuzun yanında olduqlarını, ətrafında sıx birləşdiklərini dilə gətirib. Ölkə başçısının rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbələri sevinc hissi ilə qarşıladıqlarını söyləyib. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaşın, ilk növbədə, üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməli olduğunu bildirib. Tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin və dezinfeksiya tədbirlərinin hər bir vətəndaş üçün daha məsuliyyətlə yanaşacağı amillər olduğunu qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda mübarizə tədbirlərinin vacibiyini qeyd edərək bir daha aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.