Koronavirusla fəal mübarizə həm də cəbhəyə, əsgərlərimizə və haqq işimizə verilən ən böyük dəstəkdir
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alan dövlətimiz tərəfindən virusun yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyi hər kəsə yaxşı məlumdur. Dünya ölkələri arasında bu gün də sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasına yoluxma hallarının minimuma endirilməsi istiqamətində demək olar ki, bütün zəruri tədbirlər görüldü və görülməkdə də davam edir. Respublika Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərindən irəli gələn təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, koronavirusla mübarizənin birinci dalğasında uğurlu nəticələr əldə etdik. Lakin son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişir, sanitar-epidemioloji durum pisləşir. Bu günün statistikasına əsasən koronavirus infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb. Bu isə o deməkdir ki, koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləviləşib, ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir. Xüsusilə də, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Bu, həyəcan təbilidir, ciddi təhlükədir. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da qeyd olunan məsələnin ciddiliyinə, verilən tapşırıq və tövsiyələrə məsuliyyətlə yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, idarə və təşkilat nümayəndələrinin iştirakı ilə rayon ərazisində koronavirus infeksiyasına qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin və digər zəruri təxirəsalınmaz işlərin görülməsi məqsədilə görüləcək işlər geniş şəkildə müzakirə olunub. Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Məhkəməsinin sədri Nemət Musayevin, Dövlət Təhlükəsizliyi Xidmətinin Qazax Rayon İdarəsinin rəisi Fərhad Süleymanovun iştirakı ilə açıq havada təşkil olunmuş tədbirdə vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımlara, görülən işlərə dəstəyinin, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarının qeyd-şərtsiz icra olunmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və son günlər Azərbaycan Ordusunun qazandığı qələbələr münasibətilə səmimi ürək sözlərini çatdırıb. Başda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqına təbriklərini çatdıran rayon rəhbəri bizi qarşıda daha böyük qələbələrin gözlədiyini vurğulayıb. İcra başçısı bu gün hər bir ölkə vətəndaşının koronavirusla mübarizədə fəal olmaqla, xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə riayət etməklə COVID-19-la mübarizədə bundan sonra da uğurlu nəticələrin əldə edilə biləcəyini bildirib. Xüsusilə də bunun cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacib olduğunu qeyd edib. Bildirib ki, indiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə, əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. İcra başçısı vurğulayıb ki, bu gün cəmiyyət olaraq qarşımızda duran əsas vəzifə xüsusi karantin rejiminin qaydalarına birmənalı şəkildə riayət etmək, maska taxmaq, sosial məsafəni və şəxsi gigiyenanı gözləməkdir. Bunun üçün də hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və dövlətə dəstək olmalıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Qazax Rayon İdarəsinin rəisi Fərhad Süleymanov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və Rayon Məhkəməsinin sədri Nemət Musayev çıxış edərək bu gün ölkəmizdə yaşanan həssas bir vəziyyətə vətəndaşların daha məsuliyyətli olmalarını bildiriblər. İstər koronavirusla mübarizə, istərsə də təhlükəsizliyin təmin olunması sahəsində hər bir vətəndaşın öz məsuliyyətlərini dərk edərək diqqətli olmalarını tövsiyə ediblər. Hər iki mübarizədə dövlətin həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə ciddi şəkildə əməl etməklə öz töhfələrini vermələrini bildiriblər. Ölkəmizdəki indiki vəziyyətdə, xüsusilə də hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi bir vaxtda hər kəsi daha ayıq-sayıq olmağa çağırıblar.
Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək öncə Azərbaycan Ordusunun qazandığı qələbələrdən söz açıblar. Cəbhədə əldə edilən nailiyyətlərə görə Ali Baş Komandan İlham Əliyevi, ordumuzun əsgər, zabit heyətini və xalqımızı təbrik ediblər. Ölkə Prezidentinin yanında olduqlarını, ətrafında sıx birləşdiklərini dilə gətiriblər. Ölkə başçısının rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbələri sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Qarşıda daha böyük zəfərlərin gözlədiyini və üçrəngli bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərimizdə, eləcə də Qazaxın 7 kəndində sancılacağı günün uzaqda olmadığını bildiriblər. Çıxış edənlər payızda tam karantinə məruz qalmamaq üçün tətbiq olunan təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət olunmasının vacibliyini qeyd ediblər. Hər bir vətəndaşın özünü qorumaq məsuliyyətinin olduğunu diqqətə çatdırıblar. Bildiriblər ki, bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş, ilk növbədə, üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməli və deyilənlərə əməl etməlidir. Bunun üçün də tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin və dezinfeksiya tədbirlərinin vacibliyi birmənalı şəkildə qəbul edilməli və əməl olunmalıdır. Koronavirusa yoluxanların sayının əvvəlki tək minimuma enməsi üçün hər kəs bu işdə səfərbər olmalı və üzərinə düşən işin öhdəsindən gəlməyə çalışmalıdır.
Mübarizə tədbirlərinin vacibliyini qeyd edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.