Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda marşrut sürücülərinə xəbərdarlıq olunub

19 oktyabr 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparılır.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmış mobil qruplar tərəfindən şəhərdə, kənd və qəsəbələrdə, insanların sıx olduğu digər yerlərdə əhali ilə maarifləndirmə söhbətləri aparılır. Vətəndaşlara epidemiyadan qorunmaq üçün tətbiq olunan karantin qaydalarının, özünütəcridin, sosial məsafə saxlanılmasının, tibbi maska və digər tibbi mühafizə vasitələrindən müntəzəm istifadənin əhəmiyyəti ətraflı izah olunur. Mobil qrupun üzvləri, həmçinin avtobus dayanacaqlarında, ictimai nəqliyyatda, marketlərdə, mərkəzi bazarda, hərəkətin sıx olduğu digər yerlərdə reydlər keçirərək vətəndaşların özünüqoruma qaydalarına əməletmə vəziyyətini yoxlayır, qaydalara riayət etməyən şəxslərlə ciddi izahat işi aparırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovun, "Qazax Avtovağzal” ASC-nin müdiri Eyvaz Quliyevin iştirakı ilə şəhərarası və kəndlər üzrə fəaliyyət göstərən bir qrup marşrut sürücüsünü qəbul edib. İctimai nəqliyyatda vətəndaşların sosial məsafə saxlaması, tibbi maskadan istifadənin vacibliyi ilə bağlı məsələlər müzakirə olunub.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bütün tədbirlərin kökündə vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bu mübarizədə hər kəsin həmrəylik nümayiş etdirməsini bildirib.
Rayon rəhbəri marşrut sürücülərinə sərnişinlərlə COVID-19 pandemiyasından qorunmaq üçün şəxsi mühafizə vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik qaydalara riayət olunmasının zəruriliyi barədə maarifləndirici söhbət aparmalarını qeyd edib. Həmçinin karantin rejimini pozan, tibbi maskadan istifadə etməyən sərnişinlər barədə ciddi cəza tədbirləri görüləcəyi barədə onlara məlumat vermələrini vurğulayıb. Hər bir marşrut sürücüsünün məsuliyyət daşıdığını və eyni cəza tədbirinin onlar haqqında da görüləcəyini qeyd edən icra başçısı bir daha xəbərdarlıq edib.

Keçidlər