Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı hərbçi anasını ziyarət edib

20 oktyabr 2020 | 16:00

Bu gün müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut edirlər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qoruyur və işğalçıları öz torpaqlarımızdan qovur. Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcu olmalıdır. Hər bir ölkə vətəndaşı çalışmalıdır ki, ön cəbhədə vuruşan igid Vətən oğullarının arxa cəbhədə olan ailəsinə, yaxınlarına sahib çıxsın, qayğıları ilə maraqlansın.
“Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hərbçimiz, gizir Cəfərov Xəyyam İsgəndər oğlunun Yuxarı Salahlı kəndində yaşayan anasını ziyarət etməsi dövlətin, ölkə Prezidentinin hərbçilərimizə, onların ailələrinə olan diqqət və qayğısının daha bir bariz nümunəsidir.
Hərbçi anası Cəfərova Nəcibə Elman qızının evində olan icra başçısı Rəcəb Babaşov şanlı Ordumuzun qazandığı qələbədə onun övladının da böyük payı olduğunu bildirib və qələbələr münasibətilə ananı təbrik edib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xəyyamın və onun timsalında bütün hərbçilərimizin daha böyük zəfərlər əldə edəcəyini qeyd edib. Vətənpərvər övlad böyüdən anaya səmimi ürək sözlərini çatdıran rayon rəhbəri verdiyi tərbiyəyə, övladında aşıladığı Vətən sevgisinə görə minnətdarlığını və razılığını bildirib. Hərbçi anasının qayğıları ilə maraqlanan icra başçısı hərbçilərimizə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.  Hərbçimizin anası Nəcibə Cəfərova bir hərbçi anası kimi övladı ilə qürur duyduğunu söyləyib. Oğlunun timsalında bütün hərbçilərimizə böyük zəfərlər qazanmağı və üçrəngli Azərbaycan Bayrağını tezliklə Qarabağda, Şuşada dalğalandırmalarını arzulayıb. Və həmin böyük tarixi günün çox yaxında olduğunu dilə gətirib. Hərbçi anası kimi ona göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını ifadə edib.

Keçidlər