Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib”

21 oktyabr 2020 | 16:00

Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.
Ermənistan humanitar atəşkəsə əməl etmir. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.
Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.
Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.
Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır. Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.
Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi. Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.
Kimlərin müşahidəçi olmalarını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcək. Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər.
Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub.
Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.
Azərbaycanda muzdlular yoxdur, sadəcə ordusu var. İndiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir.
Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 36 tank qənimət götürülüb, çoxlu sayda digər texnika, o cümlədən ən müasir “S-300” zenit-raket kompleksləri, bir neçə işəsalma qurğusu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar Azərbaycanın əsgərləri və zabitləridir. Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən səfərbərlik elan edilib.
Ermənistan ciddi şəkildə silahlanır və bu bölgə təhlükəsizliyini pozur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatda var. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir. Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi.
Minsk qrupunun fəaliyyəti uğurlu olmayıb. Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi.
Ermənistanın mövqeyi sülhə mane olurdu. Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Paşinyan Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür.
Rusiya ilə münasibətlərimiz hər zaman inkişaf edib. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.

Keçidlər