Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan ərazilərdə abadlıq işlərinin aparılması davam edir
Cənab Prezident İlham Əliyevin qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülən işlər sürətlə davam etdirilir. Sevindirici hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlşan ərazilərdə abadlıq işləri də aparılır. Belə ki, işlərin başa çatdırıldığı prospekt və küçələrə yeni asfalt vurulur, səkilərə tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri görülür.
Hazırda şəhərin Heydər Əliyev prospektində, Firuddin Şamoyev, Azadlıq, Bakı küçələrində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə ikinci qat asfalt örtüyünün vurulması yekunlaşıb. Yeni asfalt örtüyü çəkilmiş həmin ərazilərdə nəqliyyat vasitələrinin, piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada zolaqları, yolun hərəkət hissəsi ilə səki arasında isə yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyəti şəxslərlə birlikdə yeni asfalt vurulmuş və abadlıq işləri aparılan ərazilərdə görülən işlərlə tanış olub. İşlərlə yerində tanış olan rayon rəhbəri mövcud vəziyyətlə maraqlanıb və aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib. Bundan əlavə, şəhərdə böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi yekunlaşmaq üzrədir. İşlər başa çatan kimi burada da abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulacaq.
Respublikamızda aparılan quruculuq işlərinin Qazaxda da geniş miqyas alması sakinlər tərəfindən razılıq hissi ilə qarşılanır və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Azadlıq küçəsi
Bakı küçəsi
Firuddin Şamoyev küçəsi
Heydər Əliyev prospekti