Hər yanda üçrəngli Azərbaycan Bayrağının asılması milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əzmli, qətiyyətli, uzaqgörən, qalib siyasətçi və əvəzolunmaz dövlət başçısı kimi xalqın dərin etimad və inamını əməli xidməti ilə doğrultması bu gün hər bir ölkə vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. İşğalçı Ermənistanın təxribatına layiqli cavab verən qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz sözünü deyir, qəsbkar düşmənə öz yerini göstərir. Otuz ilə yaxındır işğal altında olan torpaqlarımızın və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması işinin davam etdirilməsi, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi Azərbaycanın güclü ordusu olduğunu bir daha göstərir.
Bu günlərdə əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan vətəndaşlarının orduya dəstəyi və həmrəyliyi də cəmiyyətimizdə pozitiv atmosfer və qürurverici mənzərə yaradır. Rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün vətəndaşlarımız tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı körpə də, Ali Baş Komandanın "İrəli!” əmrini gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də “Qarabağ Azərbaycandır!” söyləyir. Hər kəs üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olmağı, birlik, həmrəylik nümayiş etdirməyi özünün ən ümdə vəzifəsi bilir.
Xalq şairi Bəxtiyar Vahabzadənin dillər əzbəri olan “Bayraq” şeirində qeyd edildiyi kimi:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Bəli, bu gün bayrağını mənliyi, kimliyi hesab edən hər bir Azərbaycan əsgəri işğaldan azad edilən torpaqlarımıza üçrəngli Bayrağımızı sancır və sancmaqda da davam edir.
Qələbə müjdəli tarixi günlərin yaşandığı bir vaxtda küçələrdə, parklarda, evlərin eyvanında, iş yerlərində, hər yanda üçrəngli Azərbaycan Bayrağı dalğalanır və insanın qəlbini fərəh hissi ilə döyündürür. Hər yerdə bayraqların asılması isə ordumuzun vacib qələbələr qazandığı bu əlamətdar günlərdə milli həmrəyliyin rəmzi olmaqla yanaşı, həm də böyük zəfərə inamın təzahürüdür.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hər yanda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Şanlı Azərbaycan Ordusuna dəstək olmaq istəyən hər kəs evindən, iş yerindən, hər yerdən Azərbaycan Bayrağı asıb. Üçrəngli bayrağımızla kifayətlənməyən sakinlər dövlətimizin çətin anında bizə dəstək olan qardaş dövlətlərin – Türkiyə və Pakistan dövlətlərinin bayraqlarını asmağı da unutmayıblar. Milli həmrəyliyi özündə əks etdirən həmin görüntüləri təqdim edirik.