Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı ölkə Prezidentinə məktub ünvanlamış məktəblini qəbul edib

23 oktyabr 2020 | 16:00

Sentyabrın 27-dən başlayaraq Azərbaycanın haqq savaşında şanlı Ordumuz ölkəmizin hərb tarixinə qələbələrlə dolu günlər yazdırır. Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında Ordumuzun qazandığı zəfərlər hər kəsin ürəyini, qəlbini fərəh hissi ilə döyündürür. Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, bir sıra yaşayış məntəqələrini azad etməsi, əldə etdiyi digər qələbələr uşaqdan tutmuş böyüyünə kimi hər kəsin qəlbini dağa döndərir. Bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən hər kəs "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” söyləyir. Uşaq da, böyük də ölkə vətəndaşı olaraq öz ürək sözlərini, səmimi arzularını, təbriklərini ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə çatdırmaqla Onun və Azərbaycan Ordusunun yanında olduqlarını, birlik, həmrəylik nümayiş etdirdiklərini bildirirlər. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanacağı günü böyük səbirsizliklə gözlədiklərini qeyd edirlər. Bunu ölkə başçısına ünvanlanmış saysız-hesabsız məktublarda yazılan fikirlər də bir daha sübut edir.
Qazax rayonunun Ağköynək kəndində yaşayan Allahverdiyeva Mürəndə Xəqani qızı da kiçik qəlbində Ali Baş Komandana bəslədiyi böyük sevgisini yazdığı məktubda çatdırıb. Səmimi ürək sözlərini qələmin dili ilə çatdıran Mürəndə balamız Prezidentini çox sevdiyini də yazıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oktyabrın 22-də ölkə başçısına məktub ünvanlamış Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin V sinif şagirdi olan Mürəndə Allahverdiyevanı qəbul edib.
Anası İradə Allahverdiyeva və sinif rəhbəri Ülviyyə Xasməmmədova ilə birlikdə məktəblini qəbul edən icra başçısı Vətənə, dövlətə, ölkə Prezidentinə olan sevgisinə, səmimi ürək sözlərinə görə ona minnətdarlığını bildirib. Valideyninə və sinif rəhbərinə Mürəndə balamıza verdikləri tərbiyəyə, aşıladıqları vətənpərvərlik hissinə görə razılığını ifadə edib.
Məktəblimizin anası İradə Allahverdiyeva Mürəndənin məktub ünvanlamaq istəyini, təklifini eşidəndə çox sevindiyini və onun bu addımını yüksək qiymətləndirdiyini bildirib. Övladına göstərilən diqqətə və qayğıya görə razılığını ifadə edən ana ailəsi adından rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! fikirlərinin yer aldığı həmin məktubu sizlərə təqdim edirik:
Mürəndə Allahverdiyevadan,
Əziz Prezidentim.
Mən Qazax rayonunda yaşayıram, S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdiyəm. Vətənimi çox sevirəm. İşğaldan azad edilmiş torpaqlarımıza görə sevinirəm və Sizi təbrik edirəm.
Əsgər əmilərimə də təşəkkürümü bildirirəm. Azərbaycan inamla irəli addımlayır. Mən əminəm ki, bizim Qələbəmizə az qalıb. Arzum budur ki, böyüyəndə azad edilmiş torpaqlarımıza gedim.
Sizə işlərinizdə uğurlar arzulayıram. Mən Sizi çox sevirəm.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Allahverdiyeva Mürəndə Xəqani qızı.
Azərbaycan Respublikası, Qazax rayonu, Ağköynək kəndi.

Keçidlər