Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunub
Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları – kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu “İğidliyə görə” və Əliyev Orxan Məhəmməd oğlu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunublar. Qazax rayonunda bu münasibətlə medalların təqdim olunma mərasimi keçirilmişdir.
Şəhidlərin ailə üzvlərinin, hərbiçi yoldaşlarının, Müdafiə Nazirliyinin əməkdaşlarının, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, Qarabağ Müharibəsi veteranlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə şəhid medalları onların ailə üzvlərinə təqdim olunmuşdur.
Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salanlar onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildiriblər. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühit Orucov, Elvin Namazov və Orxan Əliyev də heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Tədbirdə çıxış edən Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından danışmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına, qəhrəmanlarımızın qanının yerdə qalmayacağına inam və əminlik ifadə olunmuşdur.