Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı üç oğlu qismən hərbi səfərbərliyə cəlb olunmuş ailəyə baş çəkib

03 noyabr 2020 | 16:00

Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun gücü və qüdrəti sayəsində hərb tariximizə qələbələrlə, zəfərlərlə dolu şanlı bir tarix kimi yazılır. Qəhrəman, igid oğullarımızın göstərdikləri şücaətlə bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü görür. Bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən, birliyimizi, həmrəyliyimizi hər şeydən üstün tutan hər kəs "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” deyir. Kimliyindən, tutduğu mövqeyindən asılı olmayaraq hər kəs Vətən, xalq, dövlət deyərək Azərbaycan Ordusunun cəbhədə həyata keçirdiyi uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda düşmən işğalından azad edilməsini böyük ruh yüksəkliyi ilə qarşılayır. Şanlı Ordumuzun Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında qazandığı zəfərlər hər kəsi bu haqq savaşında vuruşmağa, döyüşməyə səsləyir. Müqəddəs torpaq və bayraq naminə hər bir Azərbaycan övladı, oğlu, gənci ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini canla-başla yerinə yetirməyə, Vətən qarşısında olan borcunu qaytarmağa çalışır. Ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən cəbhəyə yola düşən igid Vətən oğullarının sayının gündən-günə artması bunu bir daha sübut edir.
Bu gün Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kimi 7 kəndi düşmən tapdağı altında olan Qazaxın da igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq... Vətənin dar günündə döyüşə yollanan oğullardan üçü də rayonun Aşağı Salahlı kənd sakinləri Veyisov Xalid Elçin oğlu, Veyisov Röyal Elçin oğlu və Veyisov Tural Elçin oğludur. Hər üç Vətən oğlu ölkə başçısının "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub.
Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizin, əsgərlərimizin ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq da bizim hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Qazaxda da bu amil hər zaman ön planda olub və olmaqda davam edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hərbçilərimizə qayğı ilə yanaşması, onların ailələrinə baş çəkməsi və yaxud da qəbul etməsi artıq bir ənənə halını alıb. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini öz əməli işləri ilə hər zaman nümayiş etdirir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov üç oğlu qismən hərbi səfərbərliyə cəlb olunmuş həmin ailəyə baş çəkərək qayğıları, istəkləri ilə maraqlanıb. Hər bir hərbçini, əsgəri, onların ailəsini doğması, əzizi hesab edən icra başçısı Vətənə, dövlətə, ölkə Prezidentinə sadiq oğullar yetişdirdiyinə, övladlarında vətənpərvərlik hissini yüksək səviyyədə aşıladığına görə üç oğul atası Elçin Veyisova minnətdarlığını bildirib. Vətən torpaqlarının azad olunması üçün Xalid, Röyal, Tural kimi oğullarımıza ehtiyacın olduğunu və həmin oğulların göstərdikləri şücaət sayəsində hər gün yeni qələbələr əldə etdiyimizi qeyd edib.
Üç oğlu Vətən torpaqlarının müdafiəsi yolunda döyüşə atılan Elçin Veyisov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun daha böyük zəfərlər qazanacağını, qarşıda xalqımızı qələbə müjdəli daha gözəl günlərin gözlədiyini söyləyib. Onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq edən ata bugünkü görüşü də həmin qayğının davamı kimi qiymətləndirib.
Üç oğul atası ilə səmimi söhbət edən icra başçısı nəinki bu ailənin, eləcə də bütün şəhidlərimizin, ön cəbhədə vuruşan hərbçilərimizin, əsgərlərimizin, övladları qismən hərbi səfərbərliyə cəlb olunmuş ailələrin hər cür diqqət və qayğıya layiq olduqlarını bildirib.

Keçidlər