Şriftin ölçüsü :

Saytın rəngi :

Ön cəbhədə döyüşən qazaxlı hərbçimizin ilk qız övladı dünyaya gəlib

05 noyabr 2020 | 16:00

27 sentyabr! Bu elə bir tarixdir ki, həmin gündən Azərbaycan düşmən tapdağında olan əzəli torpaqlarının azadlığı uğrunda haqq savaşına çıxıb. Və o gündən etibarən Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına hər gün qələbələrlə, zəfərlərlə dolu gözəl günlər yazılır. Azərbaycan adlı, Qarabağ adlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılan bu döyüşü, döyüşdə qazanılan qələbələri isə bizlərə bəxş edən igid, mərd, qəhrəman Azərbaycan oğullarıdır. Bizləri qələbə sevinci ilə müjdələyən, sevinc göz yaşlarına qərq edən igid Vətən oğullarını da uca Yaradan sevindirir. Necə ki, bu gün haqqında söhbət açdığımız ön cəbhədə vuruşan hərbçimiz Süleymanov Babək Elburus oğlunun evində xoş gün yaşanır. Özü üzünü görməsə də ilk qız övladının atası olmaq sevincini uca Tanrı ona bəxş edib.
8 iyun 1992-ci ildə Odun dağı yüksəkliyində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan əmisi Süleymanov Şahin Novruz oğlunun qisasını almaq, ən əsası da düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün ön cəbhədə vuruşan Babək qələbə müjdəsi ilə ata olmaq sevincini birgə yaşayır.
Fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, hərbçilərimizə, onların ailə üzvlərinə, yaxınlarına diqqət və qayğı göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu dəfə də öz ənənəsinə sadiq qalıb. Ön cəbhədə vuruşan Babək Süleymanovu və ailəsini xoş gün münasibətilə təbrik etməyi unutmayıb, yeni dünyaya göz açan balaca mələyimizə hədiyyəsini göndərib.
Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi Babək Nuruyev əlamətdar gün münasibətilə hərbçimizin ailəsində qonaq olub. Rayon rəhbərliyinin səmimi təbriklərini, xoş arzularını çatdırıb, balaca qızımızın hədiyyəsini - uşaq arabasını və oyuncağını təqdim edib.
Hərbçimizin anası Mətanət Hacımahmudova onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə ailəsi adından minnətdarlığını bildirib. Bu gün ailəsində sevincin-sevincə qarışdığını qeyd edən nənə bir tərəfdə oğlunun və döyüş yoldaşlarının yeni qələbələr, zəfərlər bəxş etməsi sevincini, bir tərəfdə də oğlunun ilk qız övladının dünyaya gəlməsi sevincini yaşadıqlarını söyləyib. Övladının zəfər çalmasını, sağ-salamat ailəsinin yanına qayıtmasını arzu etdiyini qeyd edib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Qarabağı azad edəcəyi günün və o böyük zəfərin çox yaxında olduğunu söyləyib.
Hərbçimizin həyat yoldaşı Leyla Süleymanova da ömür-gün yoldaşı ilə fəxr etdiyini bildirib. Oktyabrın 29-da dünyaya gələn qızlarına ad qoymaq üçün Babəkin qayıtmasını gözlədiyini vurğulayıb.
Biz də Süleymanovlar ailəsinin arzularına qoşuluruq. İnşallah Babək zəfər çalaraq sağ-salamat ailəsinin yanına qayıdar, qalib bir sərkərdə kimi geri dönər və övladına istədiyi adı qoyar.

Keçidlər