Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir

16 noyabr 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək səviyyədə hiss olunmaqdadır. Son illər dövlət başçısının qayğısı sayəsində rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün atılan addımlar, yaradılan şərait bunu söyləməyə əsas verir. Son dövrlər rayonda yeni məktəb binaları tikilir, körpələr evi-uşaq bağçaları inşa olunur, əsaslı şəkildə yenidən qurulur.
Ölkə başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi dövlət qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlaması, rayonda mövcud olan bağçaların müasir standartlara cavab verən səviyyəyə çatdırılması istiqamətində gördüyü işlər bunun bariz nümunəsidir. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyədədir.
Bu il əsaslı şəkildə təmir və yenidənqurma işləri aparılan növbəti bağçalardan biri də 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik qapı və pəncərələr qoyulub, suvaqaltı elektrik xətti, müasir istilik sistemi çəkilib. Xarici və daxili fasadda suvaq işi başa çatıb. Daxili fasada astar-üzlük vurulması işi də yekunlaşıb. Tavana alçipan vurulub, döşəməyə beton tökülüb. Sanitar qovşaqların qapıları qoyulub, lazımi işlər görülüb, kafel vurulmasına başlanılacaq. Hazırda mətbəxdə suvaq işləri aparılır.
Uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.

Keçidlər