Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxın işğal altında olan 7 kəndinin sakinləri ilə görüş keçirib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov pandemiya qaydalarına əməl etmək şərti ilə Qazaxın işğal altında olan 7 kəndinin - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərinin bir qrup sakininin istəyi ilə onlarla görüş keçirib.
Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bir daha bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. Bu gün hər birimizin fəxrlə söylədiyimiz tarixi Qələbəyə görə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, qeyrətli Vətən oğullarına borclu və minnətdar olduğumuzu bildirib. İcra başçısı şəhidlərimizin qanı hesabına qazandığımız bu Zəfərlə hər birimizin qürur duyduğunu, sevindiyini, fəxr etdiyini söyləyib. Rayon rəhbəri bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib.
Ölkə Prezidentinin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" fikrini əldə rəhbər tutaraq deyə bilərik ki, ərazi bütövlüyümüzün tam təmin ediləcəyi heç kəsdə şübhə doğurmasın.
Sonda sakinlər qazanılan böyük tarixi Qəlbəyə görə bir daha Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə sonsuz minnətdarlıqlarını çatdırıblar.