Qazaxda ictimai dinləmələr keçirilmişdir
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən Qazax rayonunda ictimai dinləmələr keçirilmişdir.
İctimai dinləmə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının, bələdiyyələrin, habelə icmaların, o cümlədən milli azlıqların nümayəndələrinin, geniş ictimaiyyətin, QHT-lərin və KİV-in təmsilçilərinin, fəal qadınların və gənclərin iştirakı ilə təşkil olunmuşdur.
İlk öncə Müvəkkil və rayon rəhbərliyi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ulu öndərin heykəli önünə tər çiçəklər qoymuşlar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev tədbiri açaraq, ictimai dinləmənin əhəmiyyətini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində bütün ölkəmizdə, o cümlədən Qazaxda geniş tikinti-abadlıq və quruculuq işlərinin davam etdirildiyini bildirmişdir.
F.Nağdalıyev insan hüquqlarının müdafiəsinin vacibliyini və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) əhəmiyyətini qeyd edərək, rayonda bu sahədə görülmüş işlərlə bağlı ətraflı məlumat vermiş, vətəndaşların şəhərdə və kəndlərdə səyyar qəbulu, onların hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının təmin olunması haqqında danışmışdır.
Ombudsman Qazaxda keçirilən ictimai dinləmələrin məqsəd və məramını, əhəmiyyətini qeyd edərək, dini və milli tolerantlığın hökm sürdüyü, Multikulturalizm ili elan olunduğu Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə sürətli inkişafın davam etdiyini, insan hüquqlarının müdafiəsinin dövlətin diqqətində olan prioritet məsələlərdən olduğunu vurğulamışdır.
E.Süleymanova ölkəmizdə gedən inkişaf prosesləri ilə yanaşı, hərbi münaqişə şəraitində yaşadığımızı bildirmiş, bu ilin aprel döyüşləri haqqında məlumat vermiş, mənfur düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın bir qisminin geri qaytarılmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun və əhalimizin vəhdət təşkil etdiyini, yüksək nizam-intizamla, mütəşəkkil bir qüvvə kimi vahid səylərin birləşdirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, dövlət başçısı və xanımı Mehriban Əliyevanın təmas xəttində Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri, orada yaşayan yerli sakinlərlə yanaşı, bütün xalqımızda və ordumuzda ruh yüksəkliyini və böyük qələbəyə inamını daha da artırmışdır. Ombudsman aprel döyüşlərində Qazax rayonundan olan hərbiçilərin Vətən yolunda şəhid olduqlarını bildirmiş, onların əziz ruhu ehtiramla yad edilmişdir.
Müvəkkil ölkəmizin hərbi qüdrətinin və sənayesinin daha da artdığını, silah istehsalı prosesinin inkişaf etdiyini, dünyanın 60 ölkəsindən 1200-dən çox şirkətin qatıldığı Malayziyada keçirilmiş sərgidə yalnız 29 ölkə, o cümlədən, ölkəmizin milli pavilyon ilə təmsil olunduğunu, Azərbaycanın 220 adda müdafiə təyinatlı məmulatlarının, yeni avtomat silahının nümayiş etdirildiyini bildirmişdir.
Ombudsman 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş MFP-nin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni istiqamətlər və tədbirlər müəyyən etdiyini bildirmiş, Azərbaycanda insan hüquqlarının təmin olunmasının prioritet məsələlərdən olduğunu diqqətə çatdırmışdır. O, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını da xüsusi qeyd etmiş, respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə inkişaf səviyyəsinin təmin olunması, habelə elmin, mədəniyyətin tərəqqisində, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirmiş, eyni zamanda ASAN Xidmətin və həmin qurumun səyyar qruplarının uğurlu fəaliyyətini yüksək dəyərləndirmişdir.
Dövlətimizin humanist siyasəti nəticəsində ölkəmizdə son illərdə 61 əfv sərəncamının və 11 amnistiya aktının, bu amnistiya aktlarından dördünün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunduğu, sonuncu amnistiyanın 10 min məhkuma şamil edildiyi, 3500 məhkumun azadlığa çıxacağı diqqətə çatdırılmışdır.
Müvəkkil təsisatın fəaliyyəti barədə ətraflı məlumat vermiş, hüquqi maarifləndirmə tədbirləri, ali məktəblərdə insan hüquqları, gender fənlərinin tədris olunduğunu, habelə orta məktəblərdə uşaq hüquqları üzrə pilləli tədris layihəsinin Bakıda və regionlarda, o cümlədən bu il Qazax şəhər 1 saylı orta məktəbində uğurla davam etdirildiyini söyləmişdir.
O, ictimai dinləmələrin əsas əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, buradakı müzakirələr və təkliflər ümumiləşdiriləcək, zəruri tədbirlərin görülməsi üçün müvafiq dövlət orqanlarına təklif və tövsiyələr göndəriləcəkdir. Qeyd edilməlidir ki, fəaliyyət dövrü ərzində 500-dən artıq təklif və tövsiyələr verilmişdir ki, onların da 60% təmin olunmuşdur.
İnteraktiv şəraitdə keçən fəal müzakirələrdə rayon prokuroru və polis şöbəsinin rəisi, hakim, bələdiyyə üzvlər, fəal qadınlar və gənclər çıxış edərək, bu tədbiri yüksək dəyərləndirmiş, təmsil etdikləri qurumların fəaliyyəti, müsbət təcrübələri, rayonda MFP və insan hüquqları üzrə keçirilmiş tədbirlər və digər məsələlər barədə məlumat vermişlər. Eyni zamanda bəzi hallarda internetin, sosial şəbəkələrin mənfi təsiri, gənclərin radikal dini cərəyanlara qoşulması, narkotikə aludəçiliyi, boşanma hallarının olması kimi problemlər vurğulanmışdır.
Müvəkkil bu problemlərin diqqətdə saxlanılacağını söyləmiş, eyni zamanda insan hüquqları və MFP-nin icrası ilə bağlı əhalini daha fəal olmağa çağırmışdır.
Səfər çərçivəsində E.Süleymanova Qazax Müalicə Diaqnostika Mərkəzində, Ruhi Xəstəxanada və Doğum evində olmuş, tibb müəssisələrinin uğurlu fəaliyyəti barədə məlumat almışdır. Bundan başqa, "N" saylı hərbi hissədə və onun ön xətdə yerləşən divizionlarından birində əsgərlərin yaşayış şəraiti ilə tanış olmuşdur.
Tədbir iştirakçıları "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, ölkəmizin bütün rayonlarına, o cümlədən Qazağa da göstərdiyi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmiş, MFP-nin icrası məqsədilə əhalinin fəal iştirakı, təşkil olunan ictimai dinləməyə və interaktiv müzakirələrin aparılmasına görə Müvəkkilə təşəkkür etmişlər.
Tədbirin sonunda iştirakçılara MFP-nın hər il üzrə icra vəziyyəti ilə bağlı nəşr olunan kitablar, MFP-nin nüsxələri, İctimai iştirakçılıq haqqında qanunvericilik, Ombudsman təsisatı tərəfindən hazırlanmış digər maarifləndirici vəsaitlər təqdim olunmuşdur.