Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Hadrut ətrafında gedən döyüşlərdə yaralanmış hərbçimiz Rüstəm Kərimovu evində ziyarət edib

01 dekabr 2020 | 16:00

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi! Müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolu olan Vətən müharibəsi! Bu Vətən müharibəsi elə bir müharibə oldu ki, 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək üçün hər an döyüşə hazır olan, bir qarış torpağımız üçün döyüşməyi, ölümün gözünə dik baxmağı özlərinə borc bilən Vətən oğullarını bir yumruq kimi birləşdirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmrini ləyaqətlə yerinə yetirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri bu Vətən müharibəsində, haqq savaşında xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdilər. Hər kəs "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, “Hər şey Vətən üçün”, “Hər şey cəbhə üçün”, “Vətən naminə” deyərək haqq savaşına çıxan oğullarımızın sayəsində Azərbaycan Ordusunun güclü, qüdrətli, yenilməz bir ordu olmasının əyani şahidi oldu. Əsgər və zabitlərimizin, hərbçilərimizin göstərdikləri şücaətləri, qəhrəmanlıqları izləyən hər kəs bir daha əmin oldu ki, doğma torpaq, Vətən uğrunda canını fəda edib şəhidlik zirvəsinə yüksəlmək, öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir Vətən oğlunun arzusu olub və bu, bu gün də belədir.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizləri 44 günlük haqq savaşında hər gün fərəh, qürur dolu saysız-hesabsız qələbələrlə sevindirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimizə minnətdarıq.
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında payı olan hərbçilərimizdən biri də Qazax rayonunun Xeyrımlı kənd sakini Kərimov Rüstəm Sarı oğludur. Bu gün o, doğma kəndi Xeyrımlı işğal altında olduğundan ailəsi ilə birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşıb.
2014-cü ilin 27 martından Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) kimi xidmətə başlayan Rüstəm Kərimov Vətən müharibəsində qazanılan Qələbədə payı olan oğullarımızdan biridir. 9 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib və 11 oktyabr 2020-ci il tarixdə Hadrut ətrafında gedən döyüşlərdə yaralanıb. Yanına mərmi düşdüyü üçün ayağından zədə almış, başında silkələnmə olub. Bu gün çox şükürlər olsun ki, bir qız, bir oğul atası olan Rüstəm Kərimov ailəsinin, doğmalarının yanındadır. Səhhəti ilə əlaqədar məzuniyyətdə olan Rüstəm Kərimov yarası sağalandan sonra yenidən öz işinə qayıdacağını söyləyir.
44 günlük savaşdan, döyüşdən sonra Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran Rüstəm kimi oğullarımızı hər birimiz tanımalı, tanıtmalıyıq. Hərbçilərimizə daim qayğı göstərmək isə hər birimizin borcu olmalıdır.
Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və olmaqdadır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və icra aparatının məsul şəxsləri ilə birlikdə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşan Rüstəm Kərimovu evində ziyarət edib. 
Hərbçimizin zəfər dolu Vətən müharibəsindən sağ-salamat ailəsinin yanına qayıtmasına görə səmimi ürək sözlərini çatdıran icra başçısı hər bir hərbçinin onun üçün doğma, əziz olduğunu qeyd edib. Vətən uğrunda qəhrəmancasına döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzu edib. Ölkə Prezidentinin hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə olan diqqət və qayğısını əldə rəhbər tutan rayon rəhbəri bu sahədə olan diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
İcra başçısı bu gün başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının Rüstəm kimi igid, vətənpərvər oğullarımızla fəxr etdiyini, qürur hissi keçirdiyini bildirib. Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərən, şanlı tarix yazan belə qəhrəman oğulların gələcək nəsillər üçün örnək olduğunu dilə gətirib.
İkinci Qarabağ müharibəsində şanlı Ordumuzun keçdiyi döyüş yolundan, hərbçilərimizin göstərdiyi şüacətdən söz açan Rüstəm Kərimov bu döyüşdə onları yalnız və yalnız yurd, torpaq, Vətən sevgisinin və torpaqlarımızı yağı düşməndən azad etmək istəyinin bir yumruq kimi birləşdirdiyini söyləyib. O, Vətən torpaqlarının işğaldan azad olunması üçün bütün hərbçilərimizin Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini, qarşıya qoyulan məqsədə çatmaq üçün Ali Baş Komandanın "İrəli!” əmrini canla-başla yerinə yetirdiklərini qeyd edib.
Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən Rüstəm buna görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onunla birlikdə çiyin-çiyinə vuruşan və şəhid olan qardaşlarına Allahdan rəhmət diləyib, yaralı döyüş yoldaşlarına tezliklə sağalmalarını, ailələrinin yanına qayıtmalarını arzulayıb.
Hərbçimizin atası Sarı Kərimov da bu gün övladı Rüstəmin timsalında bizlərə Qələbə sevinci bəxş edən bütün hərbçilərimizlə, Vətən oğulları ilə fəxr etdiyini, qürur hissi keçirdiyini dilə gətirib. Ailə üzvləri adından Rüstəmə və digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə razılığını ifadə edib.
Vətənə, doğma yurda, elə-obaya sevgi ailədən başlayır. Bu gün Rüstəmin azyaşlı övladı Nuray Kərimovanın babasının, atasının doğma yurdu olan Xeyrımlı kəndinə getmək istəməsi, babası və nənəsi ilə o torpaqlara ayaq basmaq istəyi bunun bariz nümunəsidir. Deyirlər uşaqların duası Allah qatında daha tez duyulur. İnşallah Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri düşmən tapdağından azad olunar və balaca Nuray, eləcə də yurd həsrəti ilə yaşayan həmin kəndlərin sakinləri öz doğma torpaqlarına qayıdarlar.

Keçidlər