Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

04 dekabr 2020 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Sakinlər şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edən sakinlər Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmətlə anıblar.

Bütün idarə, müəssisə və təşkilatlarda şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub. Qazax Cümə Məscidində Vətən müharibəsi şəhidlərinin anma mərasimi keçirilib.

Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixliSərəncamı ilə elan olunub.

Anım gününün ikonası isə Şuşanın rəmzi sayılan "Xarı Bülbül”dür.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

Keçidlər