İcra başçısı yaralı əsgər Sahib Qurbanovun qayğıları ilə maraqlanıb
Vətən müharibəsi!. 27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafinda sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.
Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən, Azərbaycanın adını ucaldan, böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızdan biri də yaralı çağırışçı Qurbanov Sahib Həsənəli oğludur. O, 27 sentyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbi bitirib. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci ilin sentyabr ayının 28-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub. Vətən torpaqlarının müdafiəsi uğrunda hərbi xidmətə yola düşən Sahib Qurbanov Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. 15 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonunda kəşfiyyatda olan zaman yanlarına top mərmisi düşməsi nəticəsində huşunu itirən Sahib ayılanda döyüş yoldaşları ilə birlikdə zərbədən sürücüsüz dayanmış maşının üstlərindən keçdiyini, sol ayağının topuq nahiyyəsindən qırıldığını, sağ ayağının isə əzildiyini görüb.
Rəhbər kimi təyin olunduğu ilk vaxtdan şəhidlərimizin xatirəsini əziz tutmağı, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə qayğı göstərməyi hər zaman özünə borc bilən rayon rəhbərliyi bu gün də öz ənənəsini davam etdirir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə yaralı əsgər Sahib Qurbanovu da evində ziyarət edib, onun səhhəti və qayğıları ilə maraqlanıb.
İcra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu qeyd edib. Yaralı əsgərimizə tezliklə sağalmasını arzulayıb. Ölkə Prezidentinin də vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Sahib kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyib.
Vətən uğrunda gedən döyüşlərdə yaralanan Sahib Qurbanov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirib.
Təkcə oğlu Sahiblə ilə deyil, Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiyini dilə gətirən yaralı əsgərimizin atası Həsənəli Qurbanov bizə bəxş etdikləri Qələbəyə görə hərbçilərimizin hər birinə minnətdar və borclu olduğumuzu söyləyib. Ailə üzvləri adından övladına, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə və icra başçısına minnətdarlığını bildirib.