Qazax Sement Zavodu İkinci Qarabağ müharibəsinin yaralılarını diqqətdən kənarda qoymadı
27 sentyabrdan başlayan Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində, haqq savaşında Azərbaycan Qələbə qazandı. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 gün ərzində hərb tariximizin yeni salnaməsini yazdı. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, Prezident-xalq-ordu birliyi sayəsində qazandıq. Ən əsası da bütün dünyaya bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Ali Baş Komandanın da söylədiyi kimi: “Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”.
Bizlərə böyük tarixi Qələbəni bəxş edən, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, onların ailələrinə, Vətən üçün sağlamlıqlarını itirən yaralı qazilərimizə qayğı göstərmək, diqqət ayırmaq hər birimizin borcudur.
Fəaliyyətə başladığı ilk gündən xeyirxah əməlləri ənənəyə çevirən “Qazax Sement Zavodu” MMC İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimizi də diqqətdən kənarda qoymayıb.
Ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan zavod rəhbərliyi yaralı qazilərimizi evlərində ziyarət edib, onlara qayğı göstəriblər.
Belə ki, Qazax Rayon İcra Hakimiyyətinin və zavodun əməkdaşları rayonun İkinci Şıxlı, Birinci Şıxlı, Kəmərli və Aslanbəyli kəndlərində olub, yaralılarımızla, onların ailə üzvləri ilə görüşüblər. Müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar.
Vətən müharibəsində şanlı tarix yazan qəhrəman oğullarımızla başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu bir daha qeyd ediblər.
Yaralılarımızın ailələri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Göstərilən dəstəyə görə razılıq edən yaralılarımızın ailələri özündə həmrəyliyi, birliyi, dövlətin qayğısını əks etdirən bu cür təşəbbüsü həyata keçirən “Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə təşəkkür ediblər.
Məlumat üçün onu da qeyd edək ki, yaralılarımıza sovqat çatdırılması davam edir.