Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Sement Zavodu tərəfindən İkinci Qarabağ müharibəsinin yaralılarına sovqat çatdırılması davam edir

11 dekabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də ölkəmizə qarşı başladığı növbəti təxribatçılıq əməllərinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində düşmən ağır məğlubiyyətə uğradı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfəri ilə başa çatdı. 44 gündə əldə etdiyimiz nailiyyətlər Azərbaycan dövlətinin və ordusunun gücünü göstərdi. Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın.
Dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını izləyən hər kəs bir daha şahidi oldu ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.
İllər ötsə belə Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sayəsində qazandığımız tarixi Qələbə hər zaman qürur hissi ilə xatırlanacaq. Bizləri böyük Zəfərlə sevindirən Ali Baş Komandana və igid Vətən oğullarına minnətdar olacağıq.
Bizləri böyük tarixi Qələbə ilə sevindirən, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi, onların ailələrini, Vətən naminə fiziki sağlamlıqlarını itirmiş yaralı qazilərimizi yad etmək, qayğı göstərmək, diqqət ayırmaq hər birimizin ən ümdə işi olmalıdır.
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, xeyirxah əməlləri ilə seçilən "Qazax Sement Zavodu” MMC İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimizi yad edir. Ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan zavod rəhbərliyi yaralı qazilərimizə evlərində baş çəkir, onlara qayğı göstərirlər.
Qazax Rayon İcra Hakimiyyətinin və zavodun əməkdaşları rayonun daha 8 kəndində Daş Salahlı, Alpout, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım, Dəmirçilər, Ürkməzli, Canalı kəndlərində olublar. Yaralılarımızla, onların ailə üzvləri ilə görüşüb, müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar.
Ziyarət zamanı Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub. Vətən müharibəsində iştirak edən şanlı Azərbaycan Ordusunun bütün əsgər və zabitləri, hərbçiləri ilə başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyini, qürur duyduğunu vurğulayıblar.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə razılıq edən yaralılarımızın ailələri ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Göstərilən dəstəyə və bu cür təşəbbüsü həyata keçirən "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Yaralılara və ailələrinə göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, yaralılarımıza sovqat çatdırılması davam edir.

Keçidlər