Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Sement Zavodu tərəfindən İkinci Qarabağ müharibəsinin yaralılarına sovqat çatdırılıb

14 dekabr 2020 | 16:00

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi və zəfərlə başa çatdı. Bu gün hər birimiz fəxrlə söyləyirik ki, Azərbaycan qalibdir. Çünki Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirməyə hazırdır. Dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını izləyən hər kəs bir daha əmin oldu ki, Azərbaycan güclü dövlətdir və bu gücü xalqdan alır. Bu gün Azərbaycan xalqı olaraq hər birimiz bizləri böyük Zəfərlə, tarixi Qələbə ilə sevindirən Ali Baş Komandana və igid Vətən oğullarına minnətdarıq.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi, onların ailələrini, Vətən naminə fiziki sağlamlıqlarını itirmiş yaralı qazilərimizi yad etmək, qayğı göstərmək, diqqət ayırmaq da hər birimizin borcudur.
Qeyd etdiyimiz kimi, xeyirxah əməlləri ilə seçilən "Qazax Sement Zavodu” MMC İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, yaralanmış və xəsarət almış qazilərimizi yad edir. Ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan zavod rəhbərliyi yaralı qazilərimizə evlərində baş çəkir, onlara qayğı göstərirlər.
Qazax Rayon İcra Hakimiyyətinin və zavodun əməkdaşları bu dəfə şəhərdə, Cəfərli, Kosalar, Xanlıqlar, Ağköynək kəndlərində, eləcə də Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşmış Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərindən olan yaralılarımıza baş çəkiblər. Yaralılarımızla, onların ailə üzvləri ilə görüşüb, müxtəlif ərzaq məhsullarından ibarət sovqat çatdırıblar.
Ziyarət zamanı Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından ürəkdolusu söz açılıb. Qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza bir daha minnətdarlıq ifadə olunub. Vətən müharibəsində iştirak edən şanlı Azərbaycan Ordusunun bütün əsgər və zabitləri, hərbçiləri ilə başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan xalqının fəxr etdiyi, qürur duyduğu vurğulanıb.
Dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə razılıq edən yaralılarımızın ailələri ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Göstərilən dəstəyə və bu cür təşəbbüsü həyata keçirən "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Yaralılara və ailələrinə göstərilən qayğıya görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

 

 

 

 

 

 

Keçidlər