İcra başçısı yeni asfalt vurulan Hüseyn Arif küçəsində görülən işlərlə tanış olub
Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da abadlıq işləri uğurla icra olunur. Son illər rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin nəticəsidir ki, bu gün Qazax bu gün böyük bir tikinti meydançasına bənzəyir.
Ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi icra olunur ki, bu sahədə işlər sürətlə davam etdirilir. Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır.
Ən əsası isə şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
İçməli su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Hüseyn Arif küçəsinə də asfalt vurulur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni asfalt vurulan Hüseyn Arif küçəsində olub, görülmüş işlərlə maraqlanıb. Aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Qazaxda aparılan genişmiqyaslı quruculuq işlərini könül xoşluğu, razılıq hissi ilə qarşılayan sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.