Qazaxda şəhərin Heydər Əliyev prospektində içməli su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissəsində abadlıq işlərinə start verilib
Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin qayğısı sayəsində respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən bütün bu işlər isə şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir.
Son illər respublikamızın hər yerində olduğu kimi, Qazaxda da abadlıq-quruculuq və yenidənqurma işləri rayon rəhbərliyinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Məhz bu işlərin sayəsində bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır.
Ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi icra olunur ki, bu sahədə işlər sürətlə davam etdirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri şəhərin Heydər Əliyev prospektində aparılır. Eyni zamanda prospektdə çəkilişlər yekunlaşan hissədə abadlıq işlərinə start verilib. Belə ki, su və kanalizasiya sisteminin çəkilişləri başa çatan, eləcə də çəkilişlərə başlanılacaq hissələrdə köhnə asfalt örtüyünün qazılmasına başlanılıb.
Məlumat üçün onu da qeyd edək ki, bu günə kimi şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrdə, eləcə də çəkiliş tam başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyü vurulub. Şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Qazaxda aparılan genişmiqyaslı quruculuq işləri sakinlər tərəfindən də könül xoşluğu, razılıq hissi ilə qarşılanır. Sakinlər bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.