Qazax Rayon İcra Hakimiyyətinin məsul işçiləri və millət vəkili Ülviyyə Ağayevanın köməkçisi bayram ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladlarını ziyarət ediblər
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycan böyük tarixi Zəfərə, Qələbəyə nail oldu. Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Azərbaycanın hərb tarixinə adını qızıl hərflərlə yazdıran igid Vətən oğullarına, şəhidlərimizə, qazilərimizə, onların ailələrinə daim qayğı göstərmək hər birimizin borcu olmalıdır.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarını ziyarət ediblər. Qazax şəhərində, Çaylı, Xanlıqlar və Ağköynək kəndlərində olub, bayram hədiyyələri təqdim edərək şəhidlərimizin övladlarını sevindiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Ülviyyə Ağayevanın səmimi təbriklərini, ürək sözlərini çatdırıblar. Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildiriblər. Bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd ediblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Şəhid ailələri onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar. Dövlətin qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Bugünkü ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi qiymətləndiriblər.
“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Çaylı kənd sakini, şəhid baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun ailəsi
“Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid əsgər Orucov Elşən Ehtiram oğlunun ailəsi
“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun ailəsi
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsi
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ağköynək kənd sakini, şəhid əsgər Nəsibov Elməddin Yusif oğlunun ailəsi
"Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuş Aşağı Əskipara kənd sakini, şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun ailəsi
"Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun ailəsi
"Vətən uğrunda” medalı ilə təltif olunmuş Qızılhacılı kənd sakini, şəhid əsgər Məmmədov Tural Elxan oğlunun ailəsi
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun ailəsi
“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun ailəsi
“Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Qazax şəhər sakini, şəhid gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi