Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşları və millət vəkili Səməd Seyidovun köməkçisi bayram ərəfəsində Vətən müharibəsi şəhidlərinin övladlarına baş çəkiblər

30 dekabr 2020 | 16:00

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Elə bir tarixi Qələbə ki, biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri yaşayış məntəqələri ilə o qələbənin anbaan şahidi olduq, izlədik və daim qürur duyduq. Fəxrlə söylədiyimiz, illər ötsə belə söyləyəcəyimiz bir həqiqət var ki, o da bu tarixi qələbəni bizlərə bəxş edən şəxsin tarixi şəxsiyyət, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin olmasıdır. Bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləridir.
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında iştirak edən igid Vətən oğullarına, canından keçən şəhidlərimizə, yaralı qazilərimizə, onların ailələrinə daim qayğı göstərmək hər birimizin borcudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova və Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarına baş çəkiblər. Qazax şəhərində, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı və Ürkməzli kəndlərində olub, bayram hədiyyələri təqdim ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və Milli Məclisin deputatı Səməd Seyidovun səmimi təbriklərini, ürək sözlərini çatdıran əməkdaşlar şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, övladlarını sevindiriblər.
Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğını qeyd edərək dövlətin hər zaman onların yanında olduğunu diqqətə çatdırıblar. Bugünkü ziyarətin də həmin diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Onlara göstərilən diqqətə, qayğıya, səmimi münasibətə görə razılıqlarını bildirən şəhid ailələri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq ediblər. Bugünkü ziyarəti də dövlətin və ölkə rəhbərinin növbəti qayğısı kimi hiss etdiklərini dilə gətiriblər.

Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə”  və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Aslanbəyli kənd sakini, şəhid kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun ailəsi

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş İkinci Şıxlı kənd sakini, şəhid əsgər Kərimov Emil İlqar oğlunun ailəsi

"Vətən uğrunda”, "İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid kapitan Pənahov Rövşən Mahmud oğlunun ailəsi

"Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş Birinci Şıxlı kənd sakini, şəhid əsgər Həsənov Babək Saleh oğlunun ailəsi

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Yuxarı Salahlı kənd sakini, şəhid baş gizir Hacıyev Teymur Zaur oğlunun ailəsi

"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid çavuş Pənahov Elməddin Məqsəd oğlunun ailəsi

"Qarabağ” ordeni, "Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun ailəsi

 

 

 

 

Keçidlər