Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəmizdə əməyi və xidməti olan hər kəs ehtirama layiqdir

30 dekabr 2020 | 16:00

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları zamanı əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi.
Rəşadətli Ordumuz 44 gün davam edən Vətən müharibəsində bütün dünyaya təkcə öz gücünü göstərmədi, eyni zamanda erməni ordusu haqqında uydurulan yalançı mifləri alt-üst etdi. Bu haqq savaşında Ali Baş Komandan böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu. Ordumuzun gücü, qüdrəti sayəsində sonda tarixi qələbənin bizim olacağına hər kəs inandı, güvəndi və bir yumruq kimi birləşərək əsl dövlət-xalq birliyini nümayiş etdirdi. İgid Vətən oğullarının şanlı zəfərlə qayıdacaqları günü hər kəs böyük ruh yüksəkliyi ilə gözlədi. Nəhayət, hərb tariximizə Vətən müharibəsi kimi yazılan savaş noyabrın 10-da böyük Qələbə ilə başa çatdı.
Bu gün hər birimiz torpaqlarımızın erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarlıq edir, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik.
44 günlük Vətən müharibəsində iştirak edən və qələbədə payı olan oğullarımızdan biri də Mustafayev Elçin Əhməd oğludur. O, 3 noyabr 2000-ci ildə Qazax rayonunun sərhəd kəndi Kəmərlidə anadan olub. Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirib. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq sərəncamına əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunub və təlimlərə qatılıb.
Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Elçin Mustafayev həmin savaşdan qazi olaraq geri dönən oğullarımızdan biridir. O, noyabrın 9-da Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə sağ ayağın bud sümüyü və baş nahiyyəsindən güllə yarası alıb. Yaralıya ilkin tibbi yardım Füzuli Rayon Mərkəzi Xəstəxanasında göstərilib və elə həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Səhhəti ilə əlaqədar məzuniyyətdə olan Elçin müalicəsini hazırda ev şəraitində davam etdirir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul əməkdaşları ilə birlikdə bu günlərdə Elçin Mustafayevi evində ziyarət edib. Yaralımızın səhhəti və qayğıları ilə maraqlanan icra başçısı Vətən müharibəsində iştirak edən bütün hərbçilərimizin onun üçün doğma və əziz olduğunu deyib. Qazimizə tezliklə sağalmasını arzulayıb, dövlət başçısının da vurğuladığı kimi, hərbçilərimizə, əsgərlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. Rayon rəhbəri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Elçin kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyib. "27 ilin həsrətini 44 günə bitirdiniz”, - deyən rayon rəhbəri bu tarixi Qələbəyə, böyük Zəfərə görə Ali Baş Komandana və Elçin kimi oğullarımıza borclu olduğumuzu bir daha qeyd edib.
Vətən uğrunda gedən döyüşlərdə yaralanan Elçin Mustafayev Ali Baş Komandan İlham Əliyevin əmrini hər zaman yerinə yetirməyə hazır olduğunu bildirib. O, yaralansa belə düşməndən qisasını aldığını söyləyib. Döyüş yoldaşları ilə birlikdə bir amal uğrunda - torpaqlarımızı işğaldan azad etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün yalnız irəli getdiklərini qürur hissi ilə danışıb.
Yaralı əsgərimizin anası Sevinc Mustafayeva oğlu ilə hər dəfə danışarkən onun yaxşı olduğunu, döyüşdən qələbə ilə qayıdacağını söylədiyini bildirib. Sonuncu danışıqlarında o, yaxşı olmasını bildirsə də, övladının yaralandığını hiss edib. Bu gün bir ana kimi övladının Vətən müharibəsində iştirak etməsini fəxrlə, qürurla səsləndirir.
Yaralımızın ailə üzvləri də təkcə Elçinlə deyil, Vətən müharibəsində vuruşan bütün hərbçilərimizlə fəxr etdiklərini dilə gətirmiş və övladlarına, eləcə də digər hərbçilərimizə göstərilən qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, yaralı əsgərin qardaşı Elvin Mustafayev hazırda Beyləqan rayonunda "N” saylı hərbi hissədə həqiqi hərbi xidmətdədir.
Məlumat üçün onu da bildirək ki, Elçin Mustafayevin döyüşdə göstərdiyi qəhrəmanlıq dövlətimiz tərəfindən də qiymətləndirilib. O, cənab Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” və  30dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.


Sabir ƏLİYEV,
"Azərbaycan”qəzetinin bölgə müxbiri
30 dekabr 2020-ci il

Keçidlər