Yaralı gizirimizin övladına söz verilən hədiyyə bu gün təqdim olunub
Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında böyük tarixi Qələbə qazandı. "Qarabağ Azərbaycandır!” söyləyərək başladığımız İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin böyük Zəfəri ilə başa çatdı.
44 günlük Vətən müharibəsinin iştirakçısı yaralı gizir Qasımov Oruc Əlövsət oğlu da qazanılan tarixi Qələbədə payı olan oğullarımızdandır. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində sağ ayağından yaralanan gizirimizin göstərdiyi qəhrəmanlıq dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirilib. Gizirimiz cənab Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın azad olunmasına görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Yanvarın 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun "Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimovla birlikdə gizir Oruc Qasımovu evində ziyarət etməsi, yaralımızın səhhəti və qayğıları ilə maraqlanması barədə məlumat vermişdik. Rayon rəhbərliyi gizirimizin övladını da diqqətdən kənarda qoymayıb, yaralımızın övladı Raul balaya söz verdiyi hədiyyəni göndərib.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyeva və Teybə Hüseynova Ürkməzli kəndində olub, gizirimizin övladına hədiyyəsini təqdim ediblər.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarını 44 günlük İkinci Qarabağ müharibəsində işğaldan azad edən Oruc Qasımov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onlara borclu olduğumuzu bir daha dilə gətiriblər. Vətən üçün göstərdiyi igidliyi xalqımızın, eləcə də qazaxlıların heç vaxt unutmayacağını qeyd ediblər. Yaralımıza tezliklə sağalmasını arzulayıblar.
Gizir Oruc Qasımov ona göstərilən qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. İstər göstərdiyi igidliyin dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirilməsini, medallara layiq görülməsini, istərsə də ona və ailəsinə olan diqqətə görə razılığını ifadə edib.
Məlumat üçün qeyd edək ki, gizir Oruc Qasımov 1 dekabr 1995-ci ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olub. 2002-ci ildə Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin I sinfinə daxil olub, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirib. 2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, 2015-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olunub. 2016-cı ilin oktyabr ayının 5-dən dekabr ayının 12-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 3 aylıq kurs keçib. 2016-cı il dekabrın 16-dan Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 27 sentyabrda başlayan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan Oruc Qasımov 5 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə yanına minamiot mərmisi düşməsi nəticəsində sağ ayağından yaralanıb. Hazırda müalicəsini ev şəraitində davam etdirir.