Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşın müraciətinə yerində baxıb

13 yanvar 2021 | 16:00

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə vətəndaşlara göstərilən qayğı və diqqət dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin vətəndaşlarla bağlı apardığı uğurlu dövlət siyasətinin və görülən işlərin təməlində məhz vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu təsdiq edir ki, dövlət hər zaman öz vətəndaşının yanında olmağı əsas götürür. Ölkə başçısının verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir.
Ölkə Prezidentinin icra hakimiyyəti başçılarını, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edərkən öz çıxışlarında dəfələrlə dövlət məmurları haqqında söylədiyi fikirlər, dövlət məmurlarına daim xalqın içində olmaları, bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını, problemlərini onların öz dilindən öyrənmələri, düzgün təhlil aparmaları barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr də bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax rayon, Aşağı Əskipara kənd sakini Vəliyeva Ema Şahmar qızının Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yaşamasına baxmayaraq onun müraciətinə yerində baxıb. Vətəndaşın yaşadıqları əraziyə su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı müraciətini dinləyib. Qaldırılan məsələnin araşdırılaraq baxılması üçün aidiyyəti üzrə tapşırıq verib.
Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı vətəndaş amilini əsas götürməyin, onlara diqqət və qayğı göstərməyin, vətəndaşların müraciətinə operativ şəkildə cavab verilməsinin, yaşadıqları ünvandan asılı olmayaraq yerində baxış keçirilməsinin hər bir dövlət məmurunun borcu və vəzifəsi olduğunu bir daha diqqətə çatdırıb. Hər zaman olduğu kimi, bu gün də edilən müraciətə həssaslıqla yanaşılacağını, həlli istiqamətində lazımi tədbirlər görüləcəyini vurğulayıb.
Vətəndaş onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə razılıqlarını ifadə edərək minnətdarlığını bildirib.

Keçidlər