Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İyul döyüşlərinin qəhrəmanı şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət edib

14 yanvar 2021 | 16:00

Doğma yurdunu, Vətənini uğrunda öləcək qədər sevən, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü üçün canını fəda edən igid oğullarımızdan biri də Yuxarı Salahlı kənd sakini, şəhid mayor Əhmədov Namiq Hajan oğludur.
Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi igidliyi, qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Namiq Əhmədovun xatirəsi hər zaman əziz tutulur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Namiq Əhmədov bizim qəlbimizdə əbədi yaşayır. 
Dövlətin, dövlət başçısının qayğısını hər an hiss edən şəhidimizin ailəsinə rayon rəhbərliyi tərəfindən də daim qayğı göstərilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən şəhidimizin ailəsini diqqətdə saxlayır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, şöbənin baş məsləhətçisi Teybə Hüseynova, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirovla birlikdə şəhidimizin evində olub, ailəsini ziyarət edib, qayğıları ilə maraqlanıb.
Rayon rəhbərliyi əvvəlcə şəhidimizin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, təltif edildiyi orden və medallarından, şəkillərindən ibarət guşələrlə tanış olub. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsi ehtiramla yad ediblər.
Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı qəhrəman şəhidimizin ölümündən sonra da ordenlə təltif olunmasını Namiq Əhmədovun timsalında şəhidlərimizə, eləcə də Qazax şəhidlərinə verilən dəyərin daha bir bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, mayorumuzun ordenə layiq görülməsi bütün şəhidlərimiz kimi Namiq Əhmədovun xatirəsinin də hər zaman əziz tutulması və daim qəlblərdə yaşaması deməkdir.
Rayon rəhbəri Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, o cümlədən də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını, ölkə başçısının da söylədiyi kimi, İkinci Qarabağ müharibəsində, haqq savaşında düşmənə layiqli cavablarının verildiyini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü, qüdrətli Azərbaycan Ordusunun 44 gündə şanlı zəfər tarixi yazaraq böyük Qələbə qazandığını, bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığını bildirib. Namiq Əhmədov kimi oğullarımızla hər birimizin fəxr etdiyini, onların əziz xatirəsinin bundan sonra da daim yad olunacağını söyləyib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. O, bildirib ki: “Namiq hər zaman bizimlədir. O, daim bizim qəlbimizdədir. Onun xatirəsini əbədiləşdirmək üçün adını daşıyan ayrıca otaq yaratmaqda da əsas məqsədimiz evini ziyarət edən qonaqlara onun döyüş yolunu, həyatını daha yaxından tanıtmaq, göstərdiyi igidliyə görə təltif edildiyi orden və medalları nümayiş etdirməkdir. Ən əsası da bu otaq bizim təsəlli yerimiz olmaqla yanaşı, həm də Onun ruhunun cismən də olsa bizim aramızda olduğunu göstərməkdir. Çünki Namiq ölmədi, O, Şəhidlik adlı uca zirvəyə yüksəldi və bu gün cismani olaraq bu otaqda bizimlə yaşayır. Bu gün Namiqin evini ziyarət edən hər kəs artıq onun adını daşıyan otaqla tanış olur. Bu da bizi bir daha qürurlandırır”. H.Əhmədov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Şəhid mayor Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və “N” saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.
Onu da qeyd edək ki, rayon rəhbərliyi tərəfindən ötən il şəhidimizin evinin təmiri başa çatdırılaraq 40 mərasimi günü ailəsinə təqdim olunub.

Keçidlər