Qazaxda möhtəşəm bayram tədbiri keçirilmişdir
Tariximizə Milli Qurtuluş günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün 15 iyun əsl Qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır – bu Heydər Əliyevdir.
Ulu Öndər Heydər Əlliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi Qurtuluş olmuşdur. Bu tarixi qayıdışın şərəfinə Azərbaycanda 1997-ci ildən etibarən Milli Qurtuluş günü hər yerdə olduğu kimi, Qazax rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər parkında möhtəşəm bayram konserti təşkil olunmuşdur.
Qazax rayon rəhbərliyinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin əmək kollektivlərinin, Milli Məclis üzvlərinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon sakinlərinin və KİV nümayəndələrinin iştirakı ilə bayram tədbiri keçirilmişdir. Bayram tədbiri başlamazdan əvvəl Ulu Öndərin əziz xatirəsi anılmış və adını daşıyan parkda ucaldılmış abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur. Sonra Mədəniyyət Mərkəzinin qarşısında kitablardan və uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış etmiş, bayram münaibətilə rayon sakinlərini və xalqımızı ürəkdən təbrik etmişdir. Onlara işlərində uğurlar və möhkəm can sağlığı arzulamışdır. Bildirmişdir ki, XX əsrin son illəri Azərbaycan üçün taleyüklü sınaq məqamları ilə zəngin olmuşdur. İctimai-siyasi, iqtisadi və mənəvi sahələrdə əldə edilmiş nailiyyətlər, həlledici anlarda vətənin və xalqın nicatı Heydər Əliyevin xalqla birliyi və uzaqgörən siyasəti ilə bilavasitə bağlıdır.
70 illik ağır sınaqlarla dolu bir yol keçən Azərbaycan azadlıq uğrunda mübarizədə neçə-neçə oğlunu qurban vermişdir. Hakimiyyət davası və səriştəsizlik, torpaqlarımızın mənfur erməni silahlı qüvvələri tətəfindən işğal edilməsinə şərait yaradırdı. Azərbaycanı bu bəladan xilas etmək, iqtisadi böhranlardan qorumaq üçün qüdrətli bir əl, dərin zəka, güclü məntiqə malik bir şəxsiyyət lazım idi. Belə bir şəxsiyyət isə Heydrər Əilirza oğlu Əliyev idi. Təbii ki, xalq yeganə çıxış yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdü.
Ümummilli Lider Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanı yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideyalara bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu həmişə Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarkarlıqlar göstərmişdir.
Xalqın səsinə səs verən Ümummilli Lider hakimiyyətə gələn kimi ilk növbədə qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən Qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni xaosdan və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.
İndi hər il Azərbaycan xalqı iyunun 15-ni Milli Qurtuluş günü kimi bayram edir. Həmin gün Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkə əhalisi rahat nəfəs almağa başladı. O vaxt xalqımızın böyük oğlu demişdir: “Mən həyatımın qalan hissəsini öz xalqıma həsr edəcəyəm”. Ümummilli Liderimiz bunu yorulmaz fəaliyyəti, məqsədyönlü işi və sanballı əməlləri ilə sübuta yetirdi.
Bir əsrdə ikinci dəfə Milli dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan xalqı yalnız Heydər Əliyev dühasına arxalanaraq öz dövlətini qorudu. Xalq öz böyük, sınanmış liderinin sayəsində Milli Qurtuluşa nail oldu. Heydər Əliyev bu yolda gördüyü işlərlə, iqtisadi islahatlar, hüquqi demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində XX və XXI əsr Azərbaycanın ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Ən böyük xoşbəxtlik Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsidir. Ulu öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapır: “İnarıram ki, mənim axıra çatdıra bilmədiyim taleyükli məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının siyasi uzaqgörənliyi, diplomatik məharəti, dünya iqtisadiyyatında gedən prosesləri dərindən bilməsi nəticəsində bu gün müstəqil Azərbaycan yeni inkişaf dövrünü yaşayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Respublikamızın yeni inkişaf mərhələsində əsas hədəfinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyat olduğu göstərilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də milli-maddi və qeyri-maddi mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür.
Son günlər 25 - 27 aprel 2016-cı il tarixlərdə BMT-nin sivilizasiyalar alyansının 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu. Bu möhtəşəm tədbirdə 147 ölkəni təmsil edən 4 mindən artıq nümayəndə qatıldı. Tədbirin möhtəşəmliyi bir daha Azərbaycanın beynəlxalq multikultural mərkəz olaraq dünyaya tanıdılmasının sübutu oldu.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Qazax rayonuna 7 dəfə səfər etməsi onun regionların sosial - iqtisadi inkişafına böyük diqqət və qayğı göstərməsinin əyani təzahürüdür. Qazax rayonunda son illər tikilib istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi, Konserv zavodu, Sement zavodu, “AzRosPromİnvest” birgə müəssisəsi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Ədəbiyyat Muzeyi və onlarla digər sosial və istehsal yönümlü obyektlər məhz möhtərəm prezidentimizin təşəbbüsü, diqqət və qayğısı nəticəsində rayonumuzda tikilib istifadəyə verilmişdir. Həmin obyektlərin açılışında möhtərəm Prezidentimizin şəxsən özü iştirak etmişdir. “Qazax rayonu Azərbaycanın paytaxtından ən uzaqda yerləşən rayonlardan biridir. Ona görə bu rayona xüsusi diqqət, xüsisi qayğı göstərilməlidir” fikri möhtərəm Prezidentimizin Qazağa və Qazaxlılara çox böyük diqqət və qayğısıdır. Bu sözlər bizi daha yaxşı işləməyə, çalışmağa ruhlandırır, xoşbəxt gələcəyə və işıqlı sabaha inamımızı dahada artırır.
Bayram tədbirində Respublikanın əməkdar artistləri Abbas Bağırov, Babək Niftəliyev, Sabir Əliyev, Aygün Bəylər, müğənnilərdən, Gülay Zeynallı, Rəvan Qarayev, Fədayə Laçın, Eldəniz Məmmədli, Vasif Ağayev, Könül Məmmədli, meyxanaçılar Əmir Qazaxlı və Mədəd Tənha, “Qismət qrupu”, aşıqlardan Camoy, Saqif, Yaşar və Namiqin ifalarında azərbaycan klassik bəstəkarlarının əsərləri, aşıq və xalq mahnıları səslənmiş, meyxana ifa olunmuşdur. Bütün binlar tədbirin bayram əhval-ruhiyyəsini daha da artırmış və tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır.