Şriftin ölçüsü :

Saytın rəngi :

Fərəhli kəndinin Vətən müharibəsi şəhidləri

16 yanvar 2021 | 16:00

Azərbaycan xalqı 30 ilə yaxın əbədi və əzəli torpaqlarına qovuşmaq həsrəti ilə yaşamışdır. Mənfur düşmən 90-cı illərdə ermənipərəst dövlətlərin hərtərəfli dəstəyi ilə keçmiş Dağlıq Qarabağ vilayəti və ona bitişik 7 rayonu işğal etmiş, son dövrlərdə isə Azərbaycanın yeni ərazilərini işğal etmək kimi sərsəm bəyanatlar səsləndirirdilər. Azərbaycan xalqının səbri tükənmişdi. Vətəninə, xalqına bağlı hər kəs Ali Baş Komandanın əks-hücum əmrini səbrsizliklə gözləyirdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-də müzəffər ordumuz əks-hücum əməliyyatına start verdi. Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə ürəyi Vətən eşqi ilə döyünən minlərlə igid Azərbaycan övladı Vətənin işğal altında qalan müqəddəs torpaqlarının azad olunması uğrunda könüllü olaraq haqq savaşına yollandı.
Ermənistanla 168 km həmsərhəd əraziyə malik olan Qazax rayonu 30 ilə yaxındır ki, hər an düşmənin təxribatlarına məruz qalırdı. Bu baxımdan qazaxlıların intiqam hissi daha güclü idi. Digər bölgələr kimi, Qazax rayonundan da Vətən müharibəsində şəhid və qazilər olmuşdur.
Qazax rayonunun cəbhə bölgəsində yerləşən Fərəhli kənd sakinlərindən şəhidlik zirvəsinə ucalmış iki gəncin ailələrini ziyarət etdik. Qəhrəman şəhidimiz Məmmədov Əhməd Nazim oğlunun keçdiyi yola nəzər salaq. O, 25 avqust 1994-cü ildə Qazax rayonunun Fərəhli kəndində dünyaya göz açıb. Ailədə 3 qardaşın ikincisi olub. 2000-ci ildə şəhid Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinin 1-ci sinfinə daxil olub, 2009-cu ildə həmin təhsil müəssisəsinin 9-cu sinfini bitirmişdir. 2009-cu ildə Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin 10-cu sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olubdur. Hərbi xidmətini başa vurduqdan sonra yenidən milli ordu sıralarına qayıdaraq MAHHXHQ (Müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu) kimi hərbi xidmətini davam etdirmişdir. Xidmət dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə komandanlıq tərəfindən tərifnamə və digər mükafatlarla təltif olunmuşdur. Şəhidimiz ailəli olub. Hərbi hissədə “Əl qumbarasının atılması” üzrə keçirilən yarışmada 1-ci yerə çıxıb. Əhmədin şəkli “N” saylı hərbi hissənin şərəf lövhəsində yer alır. Hərbi təlim zamanı nümunəvi xidmətlərinə görə komandiri ona bir ədəd komandir bıçağı hədiyyə etmişdi. Döyüşlərdə də igid əsgər daim həmin bıçağı üzərində gəzdirirmiş. Atası Nazim Məmmədovla söhbət edərkən bildirdi ki, Əhməd kiçik yaşlarından hərbçi olmaq arzusunda olub. Elə bu səbəbdən o qərarını verib, hərbiyə yollanıb. O, işgüzar, səmimi və dürüst bir övlad olmuşdur. Kənd sakinləri onun üzüyola, istiqanlı, hamıya hörmət və ehtiramla yanaşmağından ağız dolusu danışdılar. Qəhrəmanımız idmanın güləş növü ilə məşğul olurdu. Əhməd müharibədə olduğunu ailə üzvlərindən həmişə gizli saxlayıbdır. Səbəb isə valideynlərini və ailə üzvlərini narahat etməmək olmuşdur. Ailə üzvləri bildirdilər ki, general Polad Həşimov şəhidlik zirvəsinə ucaldıqdan sonra Əhmədin mənfur düşmənə nifrəti daha da çoxaldı. O, hər zaman Polad Həşimovun qisasını düşməndən alacağı anı gözləyib. Qeyd etmək lazımdır ki, şəhidimizin əmisi Məmmədov Mustafa da 1993-cü ildə ermənilərin yaşayış yerlərinə atdığı iriçaplı mərmilərdən həlak olmuşdur.
Əhmədin döyüş yoldaşı Ramil Məmmədov onun qorxmaz, cəsarətli döyüşçü olmasını dedi. O, bildirdi ki, Əhməd könüllü olaraq döyüşə qatılmaq üçün kəşfiyyat qrupundan XTQ-yə keçib. O, Şuşa qalasının çox yaxınlığında düşmənlərlə üz-üzə gəmişdir. Lakin, cəsur döyüşçü özünü itirmədən avtomat silahdan atəş açaraq 5 erməni terrorçusunu məhv etmişdir. Dəfələrlə öz həyatını təhlükəyə ataraq döyüş meydanında yaralı əsgər yoldaşlarını ölümün pəncəsindən xilas etmişdir. Şuşanın azadlığı uğrunda çox ağır döyüşlər gedirdi. Biz Şuşaya daxil olduq. Şuşa şəhərinin içində erməni tankı əsgərlərin üstünə gəldi. 2020-ci il noyabr ayının 8-də tankdan atılan mərmi nəticəsində qorxmaz, cəsur Əhməd qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Döyüş yoldaşları Əhmədin qanını yerdə qoymamış, həmin ərazini yerlə yeksan edərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etmişlər.
Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Məmmədov Əhməd Nazim oğlu Vətən müharibəsində göstərdiyi igidliklərə görə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Atası Nazim Məmmədov torpaqlarımızı mənfur düşməndən azad edərkən oğlunun şəhid olmasından qürur duyduğunu bildirdi. Hazırda onun kiçik oğlu Mustafa Məmmədov hərbi xidmətdədir. Şəhidimizin ailə üzvləri rayon rəhbərliyinin bir neçə dəfə onları ziyarət etdiyini, hər an telefon əlaqəsi yaradaraq hər hansı bir problemin olub-olmadığı ilə maraqlanmasına çox yüksək qiymət verir və bunu dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirirlər.
Fərəhli kəndinin qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış ikinci şəhidi Daşdəmirov Elfak Eltun oğlunun ailəsi ilə də görüşdük. Elfak Dəşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə şəhid Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmiş, 2011-ci ildə həmin məktəbin 9-cu sinfini əla qiymətlərlə bitirmişdir. 2013-cü ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Elə həmin il Elfak Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olmuşdur. Oxuduğu müddətdə müəllim və tələbələrin dərin hörmətini qazanmışdır. 2017-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmişdir. Ailədə 1 bacı, 1 qardaş olmuşlar. 2017-2018-ci illərdə milli ordu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.
Şəhidimizin anası Aynur Məmmədova Elfakın hərbçi olmaq istədiyini, lakin ailənin onu bu fikrindən döndərdiyini dedi. O, hələ 6-cı sinifdə oxuyanda televiziyada Xocalı faciəsi haqqında çəkilmiş filmə tamaşa edərkən həddindən artıq əsəbləşdi. Hərbçi olaraq erməni faşistlərindən Xocalıda qətlə yetirilən günahsız insanların qisasının ermənilərdən alacağını söyləmişdi. Elfak kənd ictimaiyyəti arasında öz səmimiliyi ilə hər kəsin sevimlisinə çevrilmişdi. Anası onun ailə qurmadan şəhid olmasına həddindən artıq acıyır. Lakin, bildirdi ki, möhtəşəm qələbə sevincini xalqımızın yaşamasında Elfakın da payının olması onu bir valideyn kimi həddindən artıq qürurlandırır. Sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanan cəsur döyüşçü əvvəlcə Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmiş, sonra isə Füzuli istiqamətində gedən ağır döyüşlərdə baş atıcı kimi bir sıra igidliklər göstərmişdir. Çox təəssüflər olsun ki, 26 oktyabr 2020-ci ildə Elfak Daşdəmirov Füzuli rayonunun işğaldan azad olunmasında gedən qızğın döyüşdə mənfur düşmənin minaatandan açdığı atəş nəticəsində ən uca zirvəyə, şəhidlik zirvəsinə ucaldı.
Daşdəmirov Elfak Eltun oğlu Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidin valideynləri rayon rəhbərliyinin onlara həssaslıqla yanaşmalarını, hər an ailə ilə əlaqə saxlamalarını yüksək qiymətləndirir və bunu dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqətin göstəricisi hesab edirlər.
Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar.

Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
15 yanvar 2021-ci il

Keçidlər