Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin 22 yaşlı qazaxlı leytenant şəhidi

18 yanvar 2021 | 16:00

Vətən müharibəsi!. 27 sentyabrdan başlayan və 10 noyabrda böyük Qələbə ilə başa çatan hərb tariximizin zəfər salnaməsi!. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Bu, o müharibədir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi. Hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı.
Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
44 günlük Vətən müharibəsində iştirak edən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də 22 yaşlı şəhid leytenant Bayramlı Elmar İsa oğludur.
Leytenant Elmar Bayramlı 2 sentyabr 1998-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1 sentyabr 2005-ci ildə Qazax rayon Birinci Şıxlı kənd ümumi orta məktəbin I sinfinə daxil olmuşdur.2016-cı ildə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin XI sinfini bitirmişdir. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə leytenant rütbəsi almış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmətə başlamışdır.
Şəhid leytenantımız 29.09.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 30.09.2020-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Şəhid Elmar Bayramlı da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Vətəndaş olaraq hər birimizin borcu və ən ümdə vəzifəsi şəhidlərimizi həmişə yad etmək, onların xatirəsini əziz tutmaqdır. Bütün şəhidlərimiz kimi şəhid Elmar Bayramlının da əziz xatirəsini dərin ehtiramla yad edir, igid Vətən oğlunun ruhu qarşısında baş əyirik.
Məlumat üçün onu da qeyd edək ki, şəhidimizin qardaşı Bayramlı Elman İsa oğlu da hazırda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “Tağım komandiri” vəzifəsində xidmət edir.

Keçidlər