Şriftin ölçüsü :

Saytın rəngi :

Doğum günündə torpağa tapşırılan qazaxlı kapitan

18 yanvar 2021 | 16:00

44 gün: sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi - İkinci Qarabağ müharibəsi Azərbaycan Milli Ordusunun tarixi Zəfəri ilə başa çatdı, 30 il davam edən işğala son qoyuldu. Bəli, 27 sentyabr! Bu, o tarixdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması və ölkəmizin zəfər qazanması üçün məhz həmin gün haqq savaşına çıxdıq və tarixi ədaləti bərpa etdik. Və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarını əldə rəhbər tutan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Vətən torpaqlarının ərazi bütövlüyü naminə bir yumruq kimi birləşdilər və qəhrəmancasına vuruşdular. Göstərdikləri şücaətlərlə, qəhrəmanlıqlarla Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.
Kapitan Pənahov Rövşən Mahmud oğlu da İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və Şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarından biridir. Doğum günündə torpağa tapşırılan şəhid kapitanımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Şəhid Rövşən Pənahov 2 oktyabr 1989-cu ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1995-ci ildə Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin I sinfinə daxil olmuşdur. 1996-2004-cü illərdə Birinci Şıxlı kənd ümumi orta məktəbin IX sinfini bitirmişdir. 2004-2006-cı illərdə Birinci Şıxlı kənd tam orta məktəbi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil  olmuşdur. 2010-cu ildə həmin Ali Hərbi Məktəbi bitirmişdir. 2010-2011-ci illərdə təlim keçmək üçün Bakıda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. 2011-ci ildə Naftalan  şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-2020-ci illərdə müxtəlif “N” saylı hərbi hissələrdə xidmət göstərmişdir. Kapitan Pənahov Rövşən Mahmud oğlu 2 oktyabr 2020-ci il tarixdə Göygöl rayonu istiqamətində düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid olduğu gün Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Nilay adlı qız, Elay adlı oğul övladı yadigar qalıb.
Şəhid kapitanımızın göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra  ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhidimizi yad etmək hər birimizin vəzifə borcudur. Bizlər də şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edərək ailəsinə və yaxınlarına başsağlığı verir, səbir diləyirik. Ruhu qarşısında baş əyirik.

Keçidlər