Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində iştirak edən və uca zirvəyə yüksələn 19 yaşlı qazaxlı şəhidimiz

21 yanvar 2021 | 16:00

 

Azərbaycanın parlaq zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi! Haqq səsimizi bütün dünyaya çatdıran Qarabağ adlı savaşımız! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı böyük tarixi Qələbə! Bu, o qələbədir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi, əzmkarlığı və mərdliyi ilə Azərbaycan dövlətinin gücünü, ordumuzun qüdrətini və şanlı Qələbəmizi bütün dünyaya çatdırdı. Bu gün hər birimiz qalib ölkənin vətəndaşı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Zəfərlə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, yaralı qazilərimizə minnətdarıq.
Qarabağ uğrunda gedən Vətən müharibəsinin qəhrəmanlarından biri də 19 yaşlı şəhid əsgər Məmmədov Əvəz Elnur oğludur.
Şəhid Əvəz Məmmədov 1 iyun 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş, qəhrəmancasına həlak olmuş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsini hər zaman ehtiramla yad etmək, onları tanımaq və tanıtmaq, daim qəlbimizdə yaşatmaq vətəndaş olaraq hər birimizin müqəddəs borcu olmalıdır. "Bu Vətən bizimdir!” deyib canından keçən igid şəhidimiz Əvəz Məmmədovun xatirəsini də dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Bütün şəhidlərimiz kimi Əvəz də hər an bizim qəlbimizdədir, o, ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq!.

Keçidlər