Qazaxlı əsgər Anar Vəliyev də Vətən uğrunda şəhid oldu
Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı, Azərbaycan xalqının 30 illik Vətən həsrətinə, yurd, el-oba niskilinə 44 gündə son qoydu. Böyük Qələbə qazanan Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur, igid Vətən övladları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşmaqdan çəkinmədilər. Ölümün gözünə dik baxaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Anar Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq bizim olan əzəli torpaqlarımızı sahiblərinə qaytardılar.
Şəhid Anar Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olmuşdur. 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Anar Vəliyev 11.10.2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən müharibəsində iştirak edərək Şəhidlik məqamına ucalan Anar Vəliyev 11.10.2020-ci ildə doğulduğu Orta Salahlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində canından keçən bütün şəhidlərimiz kimi əsgər Anar Vəliyevin igidliyi də ölümündən sonra ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Anar Vəliyev cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Allah Vətən uğrunda həlak olanların ruhunu şad, yerini behiştlik etsin. Gələcək nəsillər canlarını bu müqəddəs yolda - Vətənimizin azadlığı, xalqımızın xoşbəxtliyi uğrunda fəda edənləri heç vaxt unutmayacaq. Anar kimi igid, vətənpərvər oğullarımız daim bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun Şəhidim!.