Qazaxda da COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə 2021-ci ilin yanvarın 19-dan əhalinin vaksinləşmə prosesinə başlanılıb.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı vaksinləşmə prosesinə start verilib.
Yanvarın 20-dən başlayan vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində 1 qəbul otağı, 1 qeydiyyat otağı, 3 xüsusi peyvənd otağı, 2 nəzarət otağı, 1 təcili tibbi yardım otağı ayrılıb, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri, eləcə də yaşı 50–dən yuxarı olan rayon sakinləri könüllülük əsasında peyvəndlənəcəklər.
Məlumat üçün onu da qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.