İcra başçısı şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissəsində aparılan abadlıq işləri ilə maraqlanıb
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bölgələrində aparılan abadlıq və quruculuq işləri ildən-ilə daha geniş miqyas alır. Son illər regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurla icra edilməsi nəticəsində nəinki paytaxt Bakı, eləcə də bölgələrimiz sürətlə inkişaf edir.
Dövlət başçısının diqqət və qayğısı sayəsində respublikamızda aparılan quruculuq işləri Qazaxda da uğurla həyata keçirilir. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması, eləcə də digər abadlıq işləri dediklərimizin əyani sübutudur.
Ötən il olduğu kimi, bu il də abadlıq işləri uğurla davam etdirilir. Rayonda görülməsi nəzərdə tutulan işlər onu söyləməyə əsas verir ki, ölkə başçısının qayğısı sayəsində Qazaxda bu il də genişmiqyaslı abadlıq işləri aparılacaq.
Xəbər verdiyimiz kimi, ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərində içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi həyata keçirilir. Bundan əlavə, çəkilişlə paralel olaraq işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha üç küçəsində - Azadlıq, Murtuz Carçıyev və Əminə Dilbazi küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri vurulur. Əminə Dilbazi küçəsinə asfalt vurulmasına başlanılıb, Azadlıq küçəsində isə başlanılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan hissəsində aparılan abadlıq işləri ilə maraqlanıb. Görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olan rayon rəhbəri aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi görülən işlərin bariz nümunəsidir.