Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qazaxlı şəhidimiz – əsgər Taleh Abdullayev

23 yanvar 2021 | 16:00

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Böyük Qələbədən artıq bir aydan çox vaxt keçir. Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Rəşadətli Ordumuzun şücaəti sayəsində doğma Qarabağımız, eləcə də yaşayış məntəqələrimiz, yüksəkliklərimiz erməni işğalından azad edildi. Neçə-neçə Vətən oğulları qəhrəmanlıqları ilə Azərbaycanın yeni, şanlı zəfər salnaməsini yazdılar.
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər Abdullayev Taleh Temraz oğludur.
Şəhid Taleh Abdullayev 8 fevral 1993-cü ildə Qazax rayonunun Yuxarı Salahlı  kəndində anadan olmuşdur. 1999-cu ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2010-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci ildə hərbi xidməti başa vurmuşdur. 2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. ”N” saylı hərbi hissənin heyət nəfəri-atıcısı, müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu əsgər Taleh Abdullayev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidimiz 15.10.2020-ci il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Taleh Abdullayev də medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”,  25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Taleh Abdullayevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Məzarında rahat uyu, ruhun şad olsun, qəhrəman şəhid, artıq doğma Qarabağımız azaddır, Vətən torpaqlarında üçrəngli bayrağımız dalğalanır.

Keçidlər