Qazaxda su və kanalizasiya sisteminin çəkilişi yekunlaşan Azadlıq küçəsinə yeni asfalt örtüyü vurulur
Son illər ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində genişmiqyaslı quruculuq işləri aparılır. Paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı istiqamətində də məqsədyönlü işlər görülür.
Ölkəmizi əhatə edən abadlıq işləri Qazaxda da uğurla həyata keçirilir. Rayonda çəkilən yeni asfalt yollar, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının təmir olunması, yeni məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması son illər geniş vüsət alan quruculuq işləridir.
Bu gün Qazaxda ölkə başçısının qayğısı sayəsində reallaşan işlərdən biri də "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasıdır. Ən əsası isə çəkilişlə yanaşı işlər yekunlaşan ərazilər abadlaşdırılır, işlərin başa çatdırıldığı prospekt və küçələr asfaltlanır, səkilərə yeni tamet, bardür düzülür, qaz, elektrik, rabitə xətləri səliqəyə salınır, rənglənmə işləri aparılır, yaşıllıqlar salınır.
Hazırda su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan şəhərin Heydər Əliyev prospektində, eləcə də daha üç küçəsində - Azadlıq, Murtuz Carçıyev və Əminə Dilbazi küçələrində abadlıq işləri aparılır. Belə ki, prospektdə işlər yekunlaşan hissəyə yeni asfalt vurulması üçün alt hissənin hazırlıq işləri yekunlaşıb, o cümlədən köhnə tamet və bardürlər sökülərək yeniləri ilə əvəzlənir.
Su və kanalizasiya sisteminin çəkilişi başa çatan Əminə Dilbazi küçəsinə yeni asfalt örtüyü çəkilib. Azadlıq küçəsində isə asfaltın vurulmasına başlanılıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən il şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya sisteminin çəkilişləri yekunlaşan hissələrinə, eləcə də çəkiliş başa çatmış Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə yeni asfalt örtüyünün çəkilməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4 və 5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilməsi görülən işlərin bariz nümunəsidir.