Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 23 iyun- Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar toplantı keçirilmişdir

23 iyun 2016 | 16:00

Qazaxda 23 iyun - Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar toplantı keçirilmişdir.  Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur.
Rayondakı Gənclər Mərkəzində keçirilən toplantıda  Rayon İcra Hakimiyyətində və yerli İcra Hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları və KİV nümayəndələri iştirak etmişlər.
Əvvəlcə,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov  tədbiri açmış və peşə bayramı münasibətilə dövlət quluqçularını təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdriik rəhbərliyi altında səmərəli fəaliyyət arzulamışdır.  Sonra bildirmişdir ki, müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da “Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Fərman imzaladı. Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanun qəbul edildi. Bu qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi istiqamətində başladığı işlərin uğurlu inkişafını sürətləndirdi. Respublikada dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması məqsədilə Prezident cənab İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiya yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti 2006-cı il iyunun 22-də dövlət qulluqçularına müraciətində çağdaş, sivil, demokratik  vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi üçün dövlət qulluqçularının qarşısında əlavə vəzifələr qoymuşdur. Belə ki, hər bir dövlət qulluqçusu dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır.
Başqa sözlə desək, cənab İlham Əliyev dövlətçilik konsepsiyasını məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu strateji kursu üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Məhz bunun nəticəsidir ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətə keçən Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu məqsədlərə çatmışdır.
İyun ayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncamla dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyət göstərən bir qrup şəxslər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə  təltif olunmuşdur. Təltif olunanlar arasında Qazax rayonundan da uzun illər bu sahədə işləyən bir nəfər dövlət qulluqçusu vardır. Bu rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucovdur. Əlbəttə, bu bizi çox sevindirir. Bunun özü də Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Qazağa və qazaxlılara göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Onu təbrik edirik, bu çətin, məsuliyyətli, lakin şərəfli işində ona möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Sonra Dövlət qulluqçularından Nizaməddin Babanlı, Həmid Pənahov, Elçin Nəsibov və başqaları çıxış etmişlər.
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə ölkə prezidenti İlham Əliyev cənablarının Sərəncamınə əsasən “Tərəqqi medalı” ilə təltif olunmuş dövlət qulluqçusu Məhəmməd Orucov çıxış etmiş, dövlət başçısına öz dərin minnətdarlığını bildirmişdir. Ulu Öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyev cənabları ilə bağlı ən əziz və xoş xatirələrini danışmışdır.

Keçidlər