Şriftin ölçüsü :

Saytın rəngi :

Göstərdiyi igidliyə görə 3 medalla təltif olunan şəhid baş gizir Teymur Hacıyev

24 yanvar 2021 | 16:00

Şanlı tarixi Qələbəmizdən xeyli vaxt keçməsinə baxmayaraq Azərbaycan xalqı zəfər dolu həmin günləri bu gün də minnətdarlıq hissi ilə xatırlayır. Bu, o qələbədir ki, başlanğıcını 27 sentyabrdan götürdü və 10 noyabrda Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında tarixi ədaləti bərpa etdilər. Ölkə Prezidentinin “Qarabağ Azərbaycandır!” fikrini əldə rəhbər tutan igid Vətən oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla hərb tariximizə yeni salnamə yazdılar. Bütün dünyaya isə Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha nümayiş etdirdilər.
Baş gizir Hacıyev Teymur Zaur oğlu da Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biridir. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Teymur Hacıyev kimi oğullarımızın sayəsində bu gün xalqımız qalib ölkənin vətəndaşı olmağın qürurunu yaşayır.
Şəhid Hacıyev Teymur Zaur oğlu 28 yanvar 1991-ci ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1997-ci ildə Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. Həmin il Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (TTM) gizirlik kursunu keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlamışdır. “N” saylı hərbi hissənin baş çavuşu baş gizir Teymur Hacıyev 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid baş gizir Teymur Hacıyev 16.10.2020-ci ildə doğulub boya-başa çatdığı Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Hüseyn və Zaur adlı iki azyaşlı oğlu yadigar qalıb. 
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Teymur Hacıyevin də şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Teymur Hacıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Nə qədər ki, Azərbaycan xalqı var Teymur kimi oğullarımız daim qəlblərdə yaşayacaq.  İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman onlardan örnək götürəcək. Məkanın cənnət, ruhun şad olsun igid Vətən oğlu! Ruhun qarşısında baş əyirik Şəhidim!

Keçidlər