Qazaxda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işi müzakirə olunub
Bu gün Ağstafa Regional Mədəniyyət İdarəsinə Qazax rayonu üzrə tabe olan mədəniyyət müəssisələri tərəfindən 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əlinin, Qazax Heydər Əliyev Mərkəzinin, Qazax Tarix Diyarşünaslıq Muzeyinin, M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, Rayon Mədəniyyət Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin rəhbərlərinin iştirakı ilə yola saldığımız 2020-ci il ərzində adları qeyd edilən mədəniyyət müəssisləri tərəfindən görülmüş işlərə nəzər yetirilib, onlayn şəkildə keçirilmiş tədbirlərdən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öncə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əlini rəis təyin edilməsi münasibətilə öz adından və mədəniyyət işçiləri adından təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən, bu sahəyə göstərilən dövlət qayğısından söz açan rayon rəhbəri bu qayğının Qazaxda da hiss olunduğunu bildirib. Rayonda bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib. Fəaliyyətə başladığı ilk gündən mədəniyyət sahəsinin, bu sahədə çalışan insanların qayğılarının daim diqqətdə saxlanıldığını vurğulayıb.
Rayon rəhbəri pandemiya dövründən əvvəl rayonda çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirildiyini, mədəniyyət sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlərin görüldüyünü diqqətə çatdırıb. Bu gün pandemiya dövrü olmasına baxmayaraq tədbirlərin onlayn şəkildə də davam etdirildiyini söyləyib.
İcra başçısı rayonda olan şəffaflığın bütün sahələri, o cümlədən də mədəniyyət sahəsini əhatə etdiyini, bu sahədə neqativ halların aradan qaldırıldığını vurğulayıb və bundan sonra da təmin olunacağını bildirib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət sahəsinə, bu sahədə olan insanlara verdiyi qiymətin, göstərdikləri yüksək dövlət qayğısının müqabilində hər bir mədəniyyət işçisinin öz işinə məsuliyyətlə yanaşmasını, verilən tapşırığın öhdəsindən layiqincə gəlməyə çalışmalarını bildirib.
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli çıxış edərək rayon rəhbərliyini və mədəniyyət işçilərini salamlayıb, ünvanına söylənilən təbriklərə görə minnətdarlığını bildirib. Mədəniyyət sahəsinə olan dövlət qayğısından söz açan natiq hər bir mədəniyyət işçisinin öz işini ölkə Prezidentinin istəyinə əsasən qurmalarını, görülmüş işlərə, atılan addımlara əməli işləri ilə töhfə vermələrini vurğulayıb. Bunun üçün çalışan hər bir işçinin öz işinə daha ciddi şəkildə və məsuliyyətlə yanaşmalarını, mədəniyyət müəssisələrinin işlərini günün tələbləri səviyyəsində qurmalarını, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olmasını bildirib. Ən əsası isə mədəniyyət sahəsində bu günə kimi mövcud olan şəffaflığın bundan sonra da təmin edilməsini qeyd edib.
Daha sonra mədəniyyət müəssisələrinin ötən ildə gördüyü işlər, qarşıda duran vəzifələr, həlli vacib olan bir sıra məsələlər müzakirə edilib. Həmçinin təmirə ehtiyacı olan mədəniyyət müəssisələrinin mövcud vəziyyəti, bununla bağlı görülməsi nəzərdə tutulan işlər və aidiyyəti qurumlara müraciət olunması üçün atılan addımlar barədə danışılıb.
Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Çiçək Maşayeva, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin rəhbəri Valeh Vəliyev, MİHİ Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərilən dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ötən müddət ərzində rəhbərlik etdikləri müəssisələrdə görülmüş işlərdən danışan çıxışçılar bundan sonra da böyük səylə çalışacaqlarını, mədəniyyət sahəsində olan şəffaflığın, vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə olması üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər.